İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) transmilli şirkətlərin fəaliyyət göstərdikləri ölkələrdə ən azı 15 faiz vergiyə cəlb olunması ilə bağlı 130 ölkə arasında razılaşma əldə edildiyini bildirib. Dünya üzrə ümumi daxili məhsulun 90 faizini təmsil edən bu ölkələrin arasında ABŞ, Çin, Almaniya, Fransa, İngiltərə, Yaponiya və Türkiyə kimi böyük iqtisadiyyata malik dövlətlər var.
Razılaşmaya görə, transmilli şirkətlər fəaliyyət göstərdikləri və mənfəət əldə etdikləri yerlərdə vergi ödəyəcəklər. Bu qayda beynəlxalq vergi sisteminə hüquqi baxımdan dürüstlük və sabitlik gətirəcək.
Razılaşma rəqəmsal sahədə fəaliyyət göstərən firmalar da daxil olmaqla dünyanın ən iri transmilli şirkətlərinin mənfəət və vergi bölgüsünü ölkələr arasında ədalətli şəkildə gerçəkləşdirməsini təmin edəcək. Qlobal miqyasda korporativ verginin minimum dərəcəsinin müəyyənləşdirilməsi ilə korporativ vergi sahəsində ədalətli rəqabət mühiti formalaşdırılacaq.
Transmilli şirkətlərin fəaliyyət göstərdikləri ölkələrdə minimum 15 faiz dərəcəsi ilə korporariv vergiyə cəlb edilməsi dünya miqyasında illik 150 milyard dollar həcmində vergi daxilolmasına şərait yaradacaq.
Vergi sazişinin texniki təfərrüatlarının sentyabr ayına qədər tamamlanacağı və planın 2023-cü ildə tətqbiq ediləcəyi gözlənilir.
Avropa İttifaqına daxil olan İrlandiyanın və Macarıstanın bu razılaşmadan kənarda qalması isə diqqəti çəkən məqamlardandır.