Azərbaycan İnvestisiya Holdinqi ilə Qazaxıstanın “Samruk-Kazına” Milli Rifah Fondunun əməkdaşlıq imkanlarına dair müzakirələr aparılıb

2021.07.03 12:30 (UTC+04:00)

Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Baş icraçı direktoru Ruslan Əlixanov ilə Qazaxıstanın “Samruk-Kazına” Milli Rifah Fondu Səhmdar Cəmiyyətinin icraçı direktoru Almasadam Satkalıyevin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

AİH-dən bildirilib ki, A.Satkalıyev “Samruk-Kazına” Milli Rifah Fondunun yaradılma zərurəti, bu günədək keçdiyi yolu, hazırkı fəaliyyəti, korporativ idarəetmə sistemi və gələcək planlar haqqında məlumat verib.

R.Əlixanov öz növbəsində AİH-in məqsədləri, fəaliyyəti dövründə görülmüş işlər, idarəetməsində olan portfel şirkətlər və gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə qonaqları məlumatlandırıb.
Görüş zamanı, həmçinin “Samruk-Kazına” Milli Rifah Fondu ilə Azərbaycan İnvestisiya Holdinqinin qarşılıqlı faydalı əməkdaşlıq imkanları və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, eləcə də növbəti addımların atılması istiqamətində ilkin razılıq əldə olunub.