Vergi borcları vaxtında ödənilmədikdə...

2021.07.07 10:04 (UTC+04:00)

Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin əsas vəzifələrindəndir.

Vergi borclarının ödənilməsi iki qaydada aparılır:

- vergi ödəyicisi tərəfindən könüllü şəkildə;

- vergi orqanı tərəfindən inzibati tədbirlərin görülməsi yolu ilə.

Vergi borcları könüllü şəkildə ödənilmədikdə vergi ödəyiciləri barədə inzibati tədbirlər görülür.

Vergi Məcəlləsinin 65.2-ci maddəsində göstərilib ki, bu Məcəllənin 65.2.1.1 və 65.2.1.4-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, digər hallarda vergi orqanının hesabladığı və ya yenidən hesabladığı vergilər, faizlər və ya tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi orqanı vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra sənədi olan sərəncam verir.

Bu zaman kredit təşkilatları və ya bank əməliyyatlarını aparan şəxslər tərəfindən bank hesablarında dondurulmuş vəsaitdən artıq olan pul vəsaitinə dair hesabdan məxaric edilməsini nəzərdə tutan vergi ödəyicisinin ödəmə tapşırıqları icra edilir.

Başqa sözlə, vergi ödəyicisi və ya vergi orqanı tərəfindən hesablanan və bəyan edilən vergilər qanunda müəyyən edilmiş müddətdə könüllü şəkildə ödənilmədikdə, vergi orqanı vergi borclarının ödənilməsini aşağıdakı qaydada təmin edir:

- vergi ödəyicisinin milli və xarici valyuta üzrə bank hesabları olduğu təşkilatlara (bank və kredit təşkilatlarına) sərəncam vermək yolu ilə;

- məhkəməyə şikayət etməklə məhkəmənin müvafiq qərarı vasitəsilə inzibati icraat haqqında qərarın qəbul edilməsi yolu ilə;

- vergi ödəyicisinin ƏDV depozit hesabından yalnız ƏDV üzrə vergi borclarının silinməsi yolu ilə;

- vergi ödəyicisinin borc məbləğinin 105 faizi həcmində ƏDV depozit hesabında dondurulması qərarı qəbul etməklə.

Qeyd edək ki, Vergi Məcəlləsində hər bir verginin ödənilmə müddətləri və bəyannamələrinin təqdim edilməsi dövrü ayrıca müəyyən edilib.