Dövlət Məşğulluq Agentliyindən verilən məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemində qurulan reyestrdə işədüzəltmədə vasitəçilik fəaliyyəti həyata keçirən şəxslərə dair bütün məlumatlar qeyd ediləcək.
Vahid elektron informasiya bazası istifadəyə verildikdən sonra işədüzəltmədə vasitəçilik fəaliyyəti həyata keçirən hüquqi şəxslərlə qarşılıqlı məlumat mübadiləsi aparılacaq. Bu zaman işədüzəltmə vasitəçiləri tərəfindən iş üçün müraciət edən şəxslərə dair fərdi, o cümlədən təhsili və peşəsi (ixtisası) barədə və məşğulluq tarixçəsinə dair məlumatlar məşğulluq altsisteminə (MAS) ötürüləcək. Vasitəçi şirkətlər qeyd olunan məlumatları hər ay üzrə növbəti ayın 5-dən gec olmayaraq elektron formada təqdim etməlidirlər.
Qeyd edək ki, işədüzəltmə vasitəçiləri tərəfindən onlara iş üçün müraciət edən və işlə təmin edilən vətəndaşların sayı barədə Agentliyə elektron qaydada hesabat təqdim edilmədikdə İnzibati Xətalar Məcəlləsinin 576.3-cü bəndi ilə 500 manatdan 1.000 manatadək cərimə nəzərdə tutulub.
Yeni sistem işədüzəltmə sahəsində pərakəndə fəaliyyətin və qeyri-qanuni halların qarşısını almağa və vətəndaş məmnunluğunu təmin etməyə imkan verəcək.