Uşaqlı qadınların əlavə məzuniyyət günləri nə qədərdir?

2021.07.02 11:54 (UTC+04:00)

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 117-ci maddəsində uşaqlı qadınların əlavə məzuniyyətlərinin müddətləri öz əksini tapıb.

Dövlət Əmək Müfəttişliyi Xidmətindən bildirilib ki, əsas və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq, 14 yaşınadək iki uşağı olan qadınlara 2 təqvim günü, bu yaşda üç və daha çox uşağı olan, həmçinin sağlamlıq imkanları məhdud uşağı olan qadınlara isə 5 təqvim günü müddətində əlavə məzuniyyət verilir.

Uşaqlarını təkbaşına böyüdən ataların, həmçinin uşaqları övladlığa götürmüş şəxslərin bu maddənin birinci hissəsində nəzərdə tutulan əlavə məzuniyyət hüququ vardır.

Əmək Məcəlləsinin 117-ci maddəsi ilə müəyyən edilmiş əlavə məzuniyyət hüququ müvafiq təqvim ilinin sonunadək uşaqlardan birinin 14 yaşı tamam olduğu hallarda da saxlanılır.

Həmin maddə ilə müəyyən edilmiş əlavə məzuniyyətlər Əmək Məcəlləsinin 118 (Pedaqoji və elmi fəaliyyətlə məşğul olan işçilər), 119 (Fizioloji keyfiyyətləri ilə bağlı işçilər), 120 (Azərbaycan xalqı qarşısında xüsusi xidmətləri olan işçilər) və 121-ci (Teatr-tamaşa və bunlara uyğun digər müəssisələrin işçilər) maddələrində göstərilən işçilərə şamil edilmir.