Kiçik və Orta Biznesin İnkişafı Agentliyi KOB-lara müraciət edib

2021.07.01 17:17 (UTC+04:00)

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) KOB-lara müraciət edib.

KOBİA-dan bildirilib ki, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “EU4Environment” layihəsi çərçivəsində “Azərbaycanda resurs səmərəliliyi və daha təmiz istehsal” (RSDTİ) fəaliyyəti üzrə pilot şirkət olmaq və RSDTİ metodologiyasının ölkəmizdə tətbiqində iştirak etmək istəyən kiçik və orta istehsal müəssisələri maraqlarını ifadə etməyə dəvət olunur. RSDTİ metodologiyasının tətbiq sahəsini genişləndirmək məqsədilə ən azı 15 yerli (emal) KOB seçiləcək və onlara 2021-2022-ci illər ərzində müəssisələrini “yaşıllaşdırmaq” və istehsallarının səmərəliliyini artırmaq üçün dəstək göstəriləcək. Seçilən şirkətlər üçün təkmilləşdirici tədbirlərin məqsədi enerji, xammal və materiallardan istifadə, suyun səmərəliliyi və tullantıların idarə olunması sahələrinə yönəldiləcək.

İştirak edən KOB-lar üçün gözlənilən faydalar aşağıdakılardan ibarət olacaq:

- istehsal prosesində istifadə edilən resursların təkmilləşdirilməsi

- resurslara/xərclərə qənaət imkanının müəyyənləşdirilməsi

- uzunmüddətli resurs səmərəliliyi və daha təmiz istehsalın tətbiqi məqsədilə potensialın artırılması

- tullantıların yaranmasını, emissiyaların və ya çirkab suların azaldılması yolu ilə ətraf mühitə dair idarəetmə sisteminin və uyğunluq səviyyəsinin yaxşılaşdırılması

- təmiz istehsal və yaşıl iqtisadiyyatla əlaqəli maliyyə resurslarına çıxış imkanlarının əldə edilməsi.

Müəssisədaxili RSDTİ qiymətləndirmələri pilot şirkətlərdə resurslardan istifadəni optimallaşdırmaq üçün RSDTİ metodologiyasına əsaslanan sistemli təhlillə müvafiq şəkildə həyata keçiriləcək. Buraya məlumatların təhlilinin və səmərəsizliyin, mövcud istehsal təcrübələrinin ətraf mühitə mənfi təsirini azaltmaq üçün görülən tədbirlərin texniki, iqtisadi və ekoloji qiymətləndirilməsinin aparılması və pilot müəssisələrin səmərəliliyini artırmaq üçün dəstəyin göstərilməsi daxildir. Eyni zamanda, buraya şirkətlərin işçiləri üçün təlim fəaliyyətləri, qiymətləndirmə nəticələri və müəyyən edilmiş tədbirlər barədə texniki hesabatın təqdim edilməsi və pilot şirkətlərdə həyata keçirilən tədbirlərin monitorinqi aiddir.
Beləliklə, Azərbaycanda seçilmiş pilot şirkətlərin RSDTİ-nin həyata keçirilmə fəaliyyətlərinin bütün mərhələlərində töhfə verəcəkləri gözlənilir. Bu layihədə, həmçinin RSDTİ üzrə təlim proqramı da nəzərdə tutulur.
RSDTİ metodologiyasının tətbiqində iştirak etmək istəyən şirkətlər aşağıdakı meyarlara və tələblərə cavab verməlidirlər: Azərbaycanda yerli hüquqi şəxs kimi qeydiyyatdan keçmiş olmalı və fəaliyyət göstərməlidir; kiçik və orta sahibkarlıq subyekti (KOB) olmalıdır; emal sənayesi və ya onun bir sahəsi ilə məşğul olmalıdır.

Bu fəaliyyət “EU4Environment” Proqramı çərçivəsində UNIDO-nun milli komandası tərəfindən həyata keçirilir. Komandanın heyəti milli koordinatordan və UNIDO-nun Azərbaycanda RSDTİ üzrə milli icraçı tərəfdaşı olan “ACE Group Consultants” tərəfindən rəhbərlik edilən konsorsiumdan ibarətdir. Milli heyət pilot şirkətlərin müraciətlərinə baxaraq seçim, müsahibə və onlar ilə müqavilə bağlanması işlərini həyata keçirəcək.

Müsahibəyə yalnız yekun siyahıya daxil edilmiş şirkətlər dəvət ediləcək. Müraciətin son tarixi iyulun 5-dir.