Mayda Rusiyaya 91 milyon dollarlıq qeyri-neft sektoruna aid məhsul ixrac olunub

2021.07.01 16:32 (UTC+04:00)

Cari ilin may ayında Azərbaycanın ümumi ixracının dəyəri 1,6 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə 210,5 milyon dollar təşkil edib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın iyun sayında qeyd olunur ki, qeyri-neft sektoru üzrə ixrac ötən ilin may ayı ilə müqayisədə 22 faiz və ya 38 milyon dollar çox olub.

Eyni zamanda, qeyri-neft sektorunun tərkibi üzrə yeyinti məhsullarının ixracı 85,4 milyon dollar, qeyri-yeyinti məhsulları üzrə isə 125,1 milyon dollar təşkil edib.

Mayda qeyri-neft sektoruna aid ən çox məhsul ixrac edilən ölkələrin siyahısında Rusiya birinci (91 milyon dollar) yerdə qərarlaşıb. Bu siyahıda Türkiyə ikinci (38,7 milyon dollar) və İsveçrə üçüncü (22,9 milyon dollar) olub.