İcra sənədlərinə görə tutulmalar müxtəlif ola bilər. Məsələn, alimentlərə, istehlak və bank kreditlərinə, digər şəxslərdən götürülmüş borclara görə tutulmalar. Adətən həmin tutulmalarla bağlı təqdim edilən məcburi icra sənədlərində bu məzmunda tələblər qoyulur:“Əməkhaqqından 50% tutulsun”.
Bu tələbin mahiyyətini sadə bir misal üzrərində nəzərdən keçirək:
Tutaq ki, büdcə təşkilatı olan “AA” MMC-nin işçisinin aylıq çıxılmalar olmadan ümumi (gross) əməkhaqqı 1000 manatdır. Məhkəmə icraçılarının MMC-yə təqdim etdiyi icra sənədinə görə işçinin əməkhaqqından 50% tutulub sənəddə qeyd edilmiş rekvizitlərə və ya ünvana ödənilməlidir.
Sual: “AA” MMC hansı məbləği tutub ödəməlidir?
İlk baxışda icra sənədindən belə görünür ki, MMC işçidən 1000 x 50% = 500 manat tutub qarşı tərərə ödəməlidir. Məsələyə həm məntiqi, həm də qanun tərəfdən yanaşsaq, belə bir addımın atılmasının düzgün olmadığını gərərik. Yəni işçinin əməkhaqqından birbaşa 50% tutularsa, gəlir vergisi, MDSS, işsizlikdən şığorta və tibbi sığorta yerdə qalan 500 manatdan tutulmalıdır. Əslində isə bu tutulmalar 500 manat yox, 1000 manat bazasında hesablanılır. Bundan əlavə, “İcra naqqında” qanunda göstərilir:
Maddə 64. Borclunun əmə haqqından və digər gəlirlərindən tutulan məbləğin (tutmanın) miqdarı vergilər tutulduqdan sonra qalan məbləğdən hesablanır.
Maddə 65.1. İcra sənədi icra edilərkən borclunun əməkhaqqından və ona bərabər sayılan digər gəlirlərindən tutmaların məbləği 50 faizdən çox ola bilməz.
Qanunun 64-cü maddəsindəki “vergilər” ifadəsində digər məcburi, icbari tutulmalar da nəzərə alınır. İcra sənədinə görə tutulmanın işçinin ümumi əməkhaqqından hesablanması vətəndaşın konstitusiya huquqlarının pozulmasına səbəb ola bilər.
Beləliklə, icra sənədlərinə görə tutulmalar, işçiyə ödənilməli olan xalis (net) əməkhaqqından hesablanmalı və və tutulmalıdır.
Bizim misalımızda “AA” MMC büdcə təşkilatı və işçinin əsas iş yeri olduğuna görə tutulmalar aşağıdakı kimi olacaqdır:
Gəlir vergisi (1000-200)x14% =112,00 manat
3% MDSS 1000x3% = 30,00 manat;
0,5% işsizlikdən şığorta = 1000 x0,5 = 5,0 manat;
2% icbari tibbi sığorta = 1000 x 2% = 20,00 manat;
Ödəniləsi net əməkhaqqı 1000 – 112-30-5-20 = 833 manat;
İcra sənədinə görə tutulası məbləğ 833 x50% = 416,50 manat .