Cari ilin yanvar-may aylarında paytaxt sənayesində istehsal olunmuş malların və göstərilmiş xidmətlərin dəyəri 15,2 milyard manat təşkil edib.
Bakı Şəhər Statistika İdarəsinin yaydığı məlumatda bildirilir ki, sənaye məhsulunun 75,8 faizi mədənçıxarma, 20,8 faizi emal, 2,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.
Sənayedə qeyri-dövlət sektorunun payı 83,2 faiz olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 90,5 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 9,5 faiz təşkil edib. İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında iyunun 1-nə 317,7 milyon manatlıq hazır məhsul ehtiyatı olub. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 61,9 milyon manat məbləğində digər məhsullar da mövcud olub.