Əmək müqaviləsinin işəgötürən tərəfindən ləğvi zamanı razılaşmalar

2021.07.02 10:41 (UTC+04:00)

Dövlət Əmək Müfəttişliyi Xidmətinin açıqlamasında əmək müqaviləsinin ləğvi ilə bağlı razılaşmaların hüquqi şərtləri şərh olunub.

Açıqlamada bildirilir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsində əmək müqaviləsinin işəgötürən tərəfindən ləğvi zamanı razılaşmalar təsbit edilib. İşəgötürən işçi ilə bağlanan əmək müqaviləsini ləğv edərkən açağıdakı razılaşmaları əldə etməlidir:

1. Əmək Məcəllləsinin 70-ci maddəsinin b) (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) və ç) (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.

2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.

3. Əmək Məcəlləsinin 80-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla, qalan hallarda əmək müqaviləsi işəgötürənin təşəbbüsü ilə ləğv edilərkən həmkarlar ittifaqları təşkilatının qabaqcadan razılığının alınması tələb olunmur.