İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 2018-ci ilin dekabr ayında keçirilmiş "İcbari tibbi sığorta sisteminin Ağdaş rayonunda tətbiqinə dair əhalinin məmnunluğunun qiymətləndirilməsi üzrə sosioloji sorğu"nun nəticələri əsasında hazırlanmış analitik hesabatı ictimaiyyətə təqdim edib.
400 nəfər arasında aparılan sorğuda respondentlərin icbari tibbi sığortanın (İTS) tətbiqi haqqında məlumatlılıq səviyyəsi, İTS-in tətbiqinə münasibəti, İTS çərçivəsində göstərilən tibbi xidmətlərdən məmnunluq səviyyəsi, ödənişsiz tibbi xidmətlərə əlçatanlığı və s. öyrənilib. Sorğuda iştirak edən respondentlərin əksəriyyəti (85,1 faiz) İTS-in tətbiq olunmasına müsbət münasibət bildirib. Respondentlərin 73,7 faizi tibbi xidmətlərin keyfiyyətini yüksək qiymətləndirib.
Sorğu zamanı respondentlər tərəfindən cibdən ödənişlərin ləğv olunması (76,7 faiz), tibb müəssisəsinin sanitar-gigiyenik şəraiti (85,9 faiz), ödənişsiz tibbi xidmətlərə (76 faiz) və həyativacib əməliyyatlara əlçatanlıq (69,5 faiz) müsbət qiymətləndirilib. İTS-in tətbiqi dövründə Ağdaş rayonunda 15 Ailə Sağlamlıq Mərkəzi (ASM) fəaliyyət göstərməyə başlayıb. ASM-də olarkən göstərilən tibbi xidmətlərdən məmnunluq səviyyəsinə gəldikdə, sorğu nəticəsində məlum olub ki, respondentlərin 98,4 faizi ailə həkimlərinin xidmətlərindən razıdır.
Sorğunun nəticələrinə əsasən, İTS-in tətbiqindən sonra tibbi xidmətlər əldə etmək üçün maddi sıxıntı keçirən respondentlərin sayı kəskin şəkildə azalıb. Cərrahi əməliyyat olunan respondentlər arasında İTS-in tətbiqindən əvvəlki və sonrakı dövrləri müqayisə etdikdə, bu göstəricinin 67,8 faizdən 13,5 faizə qədər endiyi müşahidə edilib. Respondentlərin maddi sıxıntı keçirməsi hallarının azalmasına səbəb isə pilot ərazilərdə rəsmi qeydiyyatda olan sakinlərin baza zərfinə daxil olan 1829 adda tibbi xidmətdən ödənişsiz istifadə edə bilməsidir.