Şimal-Cənub dəhlizinin Azərbaycan hissəsi fəaliyyətə başlayır

2021.06.29 16:53 (UTC+04:00)

Millət vəkili Vüqar Bayramov bildirib ki, bu, Şimal-Cənub dəhlizinin Azərbaycan hissəsinin istifadə olunması anlamına gəlir. Onun sözlərinə görə, sınaq səciyyəsi daşıyan bu yükdaşımadan sonra Şimal-Cənub nəqliyyat dəhlizi daha aktiv şəkildə mütəmadi istifadə olunacaq: “Şimal-Cənub nəqliyyat dəhlizi vasitəsilə Azərbaycan ərazisindən yüklərin daşınması Vətən Müharibəsindəki zəfərimizdən sonra regionda formalaşan yeni düzən kontekstindən daha böyük strateji əhəmiyyət daşıyır. Müharibədən sonra regionda kommunikasiyaların bərpası intensiv müzakirə olunur. Digər tərəfdən, Zəngəzur dəhlizinin istifadəyə verilməsi ilə bağlı danışıqların sürətlənməsi bu məsələnin aktuallığını daha da artırır. Şərq-Qərb nəqliyyat dəhlizinə inteqrasiya olunacaq Zəngəzur dəhlizi Şimal-Cənub dəhlizində yükdaşımaların həcminə təsir göstərəcək. Bu, Azərbaycan ərazisindən daşınan beynəlxalq yüklərin həcmini artırmaqla yanaşı, ölkəmizin strateji mövqeyini daha da möhkəmləndirəcək”.

V.Bayramov qeyd edib ki, Şüveyş kanalında baş verən son qəzadan sonra Şimal-Cənub dəhlizinin əhəmiyyəti daha da yüksəlib. İndi nəinki region ölkələri, həm də inkişaf etmiş dövlətlər bu layihəyə regionda əsas alternativ nəqliyyat dəhlizi kimi yanaşırlar: “Rusiyadan Hindistana qədər uzanan nəqliyyat dəhlizi region üzrə beynəlxalq yükdaşımaların həcminə xüsusi təsir göstərəcək. Layihənin həyata keçməsi ona həm investisiya, həm də infrastruktur baxımından dəstək vermiş Azərbaycan üçün beynəlxalq yükdaşımaların həcminin artması baxımından da vacibdir.

Beynəlxalq daşımalar ölkəmizin iqtisadiyyatının qeyri-neft sektorunun əsas istiqamətlərindən biridir”.