Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim Reşetnikov Moskvada hökumət rəsmiləri ilə görüşdə mis, nikel, alüminium kimi məhsulların ixracı ilə bağlı açıqlama verib. Bu metallara ixrac vergisini tətbiq etmək niyyətində olduqlarını bildirən M.Reşetnikov deyib: “Dəmirli və dəmirsiz metal ixracatında avqustun 1-dən dekabrın sonuna qədər müvəqqəti şəkildə ən azı 15 faizlik vergi tətbiq etməyi planlaşdırırıq”.
Baş nazirin müavini Andrey Belousov metalların qiymətində qlobal səviyyədə artıma diqqət yönəldib: “Metal məhsullarına ixrac vergisinin tətbiqi sayəsində dövət büdcəsinə 200 milyard rubl (4,71 milyard manat) əlavə vəsait cəlb edə biləcəyik”.
Qeyd edək ki, Rusiyada metalların qiymətlərinin tənzimlənməsi ilə bağlı məsələ 2020-ci ildə qaldırılmış, lakin bu sahədə ixtisaslaşmış şirkətlərin etirazlarına görə verginin tətbiqi təxirə salınmışdı.
Hökumətin son açıqlamasından sonra Rusiyanın metal ixrac edən aparıcı şirkətlərinin səhmlərinin 4-7 faiz ucuzlaşdığı bildirilir.