Çində "qara siyahı"ya düşən on milyonlarla insana səyahət qadağan edilib

2019.03.12 13:53 (UTC+04:00)

Çin hökumətinin vətəndaşların davranışlarını nəzarətə götürmək üçün həyata keçirdiyi "sosial qiymətləndirmə" sisteminə əsasən, adı "qara siyahı"ya salınmış təxminən 23 milyon insanın səyahət etmək hüququ əlindən alınıb. Hökumətin tərtib etdiyi "sosial qiymətləndirmə" cədvəlində aşağı bal toplayan vətəndaşlar üçün müəyyən məhdudiyyətlər qoyulub. Vergilərini ödəməyən və ya cinayət məsuliyyətinə cəlb olunmuş vətəndaşlar bəzi mühüm insan hüquqlarından məhrum edilib. Məsələn, keçən il "sosial bal"ı aşağı olan milyonlarla insanın təyyarə və ya qatar bileti ala bilmədiyi məlum olub. Hələ ölkənin bütün regionlarını əhatə etməyən bu sistem 2020-ci ildə Çinin bütün ərazisində tətbiq olunacaq. Çin hökuməti artıq 1 milyard 386 milyon vətəndaş üçün "sosial qiymətləndirmə" cədvəlini tərtib etməyə başlayıb.