Ödəniş kartlarının sayının artması nağdsız ödənişlərə müsbət təsir göstərir

2021.06.25 15:45 (UTC+04:00)

Mərkəzi Bankdan bildirilib ki, keçən ilin ilk beş ayı ilə müqayisədə bu göstərici 18 faiz artıb. Ödəniş kartlarında artım debet kartları üzrə 16 faiz, kredit kartları üzrə 30 faiz təşkil edib.

Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 272 min, sosial kartlar 73 min, kredit kartları 269 min, digər kartlar isə 887 min ədəd artıb.

Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib: ölkədaxili nağdsız əməliyyatların həcmi ötən ilin 5 ayı ilə müqayisədə 55 faiz artıb. 2021-ci ilin 5 ayı ərzində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 3 milyard 489 milyon manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 1 milyard 846 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1 milyard 437 milyon manatı POS-terminallar, 206 milyon manatı isə ATM-lər vasitəsilə gerçəkləşdirilib.

May ayı ərzində ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ümumi əməliyyatların 28 faizini təşkil edib.