İqtisadçı ekspert Radil Fətullayev bildirib ki, mikrosahibkarlığın inkişafını stimullaşdırmaq məqsədilə ölkəmizdə də bir sıra vergi güzəştləri və azadolmalar tətbiq olunur: “Sadələşdirilmiş vergi ödəyiciləri illik gəlirlərinin 2 faizi miqdarında sadələşdirilmiş vergi ödəyirlər. “Startap” şəhadətnaməsi alan mikrosahibkarlar mənfəət (gəlir) vergisindən 3 il müddətinə azaddırlar. Bundan əlavə, mikrosahibkarlıq subyekti olan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 faizi gəlir və mənfəət vergisindən azaddır. Həmçinin onlar, sahibkarlıq fəaliyyətində istifadə etdikləri əsas vəsaitlərə münasibətdə amortizasiya ayırmalarını Vergi Məcəlləsinin 114.3-cü maddəsi ilə müəyyən edilən amortizasiya normalarına 2 əmsal tətbiq etməklə gəlirdən çıxmaq hüququna malikdirlər.
Mikrosahibkarlıq subyekti olan şəxslər əmlak vergisini ödəməkdən də azaddırlar.
Beynəlxalq təcrübədə mikrosahibkarlarlıq subyektlərinin fəaliyyətinin stimullaşdırılması istiqamətində öncəliklə onlara şərait yaradılır, daha sonra həmin sahibkarlıq subyektlərinə davamlı dəstək göstərərək mikrodan kiçiyə, kiçikdən ortaya və iri sahibkarlıq subyektlərinə çevirilməsinə yardımçı olunur. Hesab edirəm ki, ölkəmizdə də mikrosahibkarlıq subyektləri üçün kifayət qədər dəstək göstərilir. Bu gün sahibkarlıq subyektlərinin qeydiyyatdan keçərək fəaliyyətə başlaması olduqca asandır. İstənilən sahibkar bir gün ərzində VÖEN alıb fəaliyyətə başlaya bilər. Sadəcə bundan sonra mikrosahibkarlara davamlı dəstəyin göstərilməsi önəmlidir. Bu gün mikrosahibkarların maliyyə dəstəyinə böyük ehtiyacı var. Faizsiz kreditlərin verilməsi bu istiqamətdə atılan ən gözəl addım ola bilər. İşini qurmaq istəyən gənclərə, Qarabağ zonasında biznes qurmaq istəyən şəxslərə dəstək vermək, onlara avadanlıqların alınması, ofisin verilməsi və s. ilə bağlı kömək etmək, xidmət sektoruna aid biznes sahələrinə diqqətin göstərilməsi mühümdür. İxrac yönümlü mikrosahibkarlıq subyektlərinə xüsusi dəstək verilməlidir. İxrac sektoru strateji sahədir və ixrac yönümlü biznesə başlayan mikrosahibkarlar gələcəkdə ölkəyə valyuta gətirəcəklər. Rəqəmsal texnologiyalardan istifadə imkanlarının artırılması, diferensial vergi rejiminin tətbiqinə başlamaq da bu sahənin inkişafına töhfə verə bilər. Ən əsası, mikrosahibkarlıq subyektlərinin böyüməsi üçün davamlı inkişaf proqramları hazırlanmalıdır”.