Ani Ödənişlər Sistemi üzrə xidmət haqqı tariflərinə tətbiq olunan güzəşt müddəti uzadılıb

2021.06.24 16:45 (UTC+04:00)

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 sentyabr tarixli 508 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” çərçivəsində Mərkəzi Bank (AMB) tərəfindən yaradılan Ani Ödənişlər Sistemi (AÖS) 2020-ci il oktyabrın 1-dən real rejimdə istismara verilib.

AMB-dən bildirilib ki, ilkin mərhələdə əhali və iqtisadi subyektlərin sistemin imkanlarından daha aktiv istifadəyə cəlb edilməsi məqsədilə Mərkəzi Bank tərəfindən AÖS üzrə göstərilən əməliyyatlarla bağlı iştirakçı təşkilatlardan 2021-ci il iyulun 1-nə kimi xidmət haqqı tutulmaması qərara alınmışdı. AÖS-ün əhatə dairəsinin genişləndirilməsi tədbirlərinin dəstəklənməsi, habelə əhali və iqtisadi subyektlərin sistemin imkanlarından istifadəyə stimullaşdırılmasının davam etdirilməsini nəzərə alaraq, Mərkəzi Bank tərəfindən xidmət haqqı tarifləri üzrə güzəşt müddətinin 2022-ci il yanvarın 1-dək uzadılmasına qərar verilib.

Qeyd edək ki, hazırda 20 bank, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi və “Azərpoçt” MMC AÖS platformasına inteqrasiya olunmuşdur. AÖS-ə inteqrasiya olunmuş bankların müştəriləri internet və mobil bankçılıq xidmətləri, habelə sistemin “AniPay” mobil tətbiqindən (“Android”: http://bit.ly/3b78WQo və “iOS”: https://apple.co/3hXL17u) istifadə etməklə 24/7/365 rejimində ödənişlərini anında həyata keçirə bilərlər. Gələcəkdə sistemin əhatə dairəsinin genişləndirilməsi, habelə istifadəçilər üçün təqdim olunan rəqəmsal həllərin çeşidinin artırılması istiqamətində işlər davam etdiriləcək.