Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edib

2021.06.24 15:17 (UTC+04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin isti hava şəraiti ilə bağlı işəgötürənlərə müraciətində vurğulanıb ki, temperaturun 41 dərəcədən çox olduğu hava şəraitində işçilərin həyat və sağlamlığının qorunması üçün əmək qanunvericiliyinə əsasən zəruri tədbirlər görmək işəgötürənin əsas vəzifələrindəndir.

Əmək Məcəlləsinin 233-cü maddəsinə uyğun olaraq, havanın temperaturu 41 dərəcədən yüksək olan hava şəraitində açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılmalıdır. İşçilərə sərinləmək üçün imkan yaradılmalı, onlara fasilələr verilməli, fasilənin sayı və müddəti işəgötürənlə həmkarlar təşkilatının birgə qərarı əsasında müəyyən olunmalıdır.

Məcəlləyə əsasən, bu fasilələr iş vaxtına daxil edilir və fasilələr zamanı əməkhaqqı işçilərin tarif maaşına görə ödənilir. İş dayandırıldıqda boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir.

Əmək şəraiti şərtləri imkan verdiyi hallarda günün isti vaxtında iş dayandırılaraq (uzun fasilə verərək) iş günü hissələrə bölünməklə iş rejimi tənzimlənə bilər.