Millət vəkili Vüqar Bayramov problemli kreditlərlə bağlı bildirib ki, ötən ili 14 milyard 530 milyon manat kredit portfeli ilə başa vuran bank sektoru bu göstəricini 14 milyard 987 milyon manata çatdıra bilib: “Digər tərəfdən, ötən ilin sonunda 893 milyon manat problemli kreditləri olan bankların artıq 921 milyon manat geri qaytarılmayan kreditləri var. Bu ilin ilk 4 ayında kredit portfeli ilə problemli kreditlərin həcmi ilin əvvəli ilə müqayisədə eyni nisbətdə artıb. Hər iki göstəricidə 3,1 faiz artım qeydə alınıb. Kredit portfelinin artması müsbət məqam olsa da, problemli kreditlərin məbləğinin son ilin ilk 4 ayında 3,1 faiz artması arzuolunan hal deyil.
Problemli kreditlərinin həcminin artmasına pandemiya ilə yanaşı, bankların bahalı kredit siyasəti, o cümlədən ödəmə qabiliyyətini yoxlamadan maliyyələşmələr həyata keçirilməsi də təsirsiz qalmayıb.
Depozit dividentləri ilə kredit faizləri arasında da kəskin fərq yaranıb. Artıq bəzi banklar xarici valyutada dividentlərə ya faiz ödənişi etmir, ya da cüzi divident hesablayırlar. Manat üzrə depozit dividentləri də azalıb. Depozit dividentlərinin düşməsinə baxmayaraq, kredit faizlərində nəzərəçarpan azalmalar yoxdur. Yüksək kredit faizləri problemli kreditlərin həcminə təsir göstərir və nəticədə 2021-ci ilin qalan aylarında qaytarıla bilməyən kreditlərin həcmində artım müşahidə olunub”.
V.Bayramov faizlərin optimallaşdırılması və kreditlərə əlçatanlığın artırılması üçün Mərkəzi Bank tərəfindən daha sistemli tədbirlərin həyata keçirilməsinə ehtiyac olduğunu deyib.