Gəlir və xərclərin uçotunda kassa və hesablama metodlarından istifadə

2021.06.25 12:01 (UTC+04:00)

Ən azı bir dəfə Bəyannamə Tərtibatı Proqramında (BTP) hər hansı bir bəyannamə dolduran hər kəs bəyannamənin baş səhifəsində bu metodlar arasında seçim edir. Bu seçim gəlirlərin və xərclərin tanınmasına təsir baxımından əhəmiyyətlidir.

Hesablama metodu, gəlirin faktiki əldə edilib-edilməməsindən (xərcin ödənilməsindən) asılı olmayaraq, həmin gəliri əldə etmək hüququ (xərcin ödənilməsi üzrə öhdəlik) yaranan kimi tanınmasını nəzərdə tutur. Gəlir faktiki əldə edildikdə və ya xərc faktiki ödənildikdə kassa metodu ilə uçota alınır.

Fərz edək ki, “Metod” MMC şirkəti 2020-ci ildə “BB” şirkətinə 10.000 manat, “KK” şirkətinə isə 7.000 manat dəyərində xidmət göstərib. “BB” şirkəti borcunu 19 iyun 2020-ci ildə tam ödəyib, lakin “KK” şirkəti ödəməni yalnız 24 yanvar 2021-ci ildə yerinə yetirib. “Metod” MMC-nin kassa və ya hesablama metodlarından istifadə etdikdə 2020-ci il ərzində bəyan etdiyi gəlirin necə fərqləndiyini araşdıraq.

Kassa metodundan istifadə edilərkən yalnız faktiki olaraq əldə edilmiş gəlir tanınacaq. Yəni 2020-ci il üzrə “Metod” MMC yalnız “BB” MMC-dən aldığı 10.000 manat gəliri tanıyıb, həmin gəlirin vergisini ödəyəcək.

Hesablama metodundan istifadə edildikdə isə “Metod” MMC “KK” şirkətindən hələ almadığı 7.000 manat pul vəsaitini də bəyannamədə tanımalıdır. Odur ki, 2020-ci il üzrə “Metod” MMC cəmi 17.000 manat gəliri tanıyacaq və həmin məbləğdən vergilərini hesablayıb ödəyəcək.
Qeyd etmək lazımdır ki, hesablama metodundan istifadə edilərkən tanınmış xərclər üçün müəyyən tələblər tətbiq olunur. Bunlar Vergi Məcəlləsinin 136.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən, vergi ödəyicisi vergi uçotunun aparılması üçün hesablama metodundan istifadə etdikdə, əqdlə bağlı olan xərcin çəkilməsi vaxtı, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, aşağıda sadalanan şərtlərin hamısına əməl edildiyi vaxt sayılır:

- vergi ödəyicisi birmənalı olaraq maliyyə öhdəliklərini qəbul edir;
- maliyyə öhdəliklərinin məbləği dəqiq qiymətləndirilir;
- əqddə və ya müqavilədə iştirak edən bütün tərəflər əqd və ya müqavilə üzrə özlərinin bütün öhdəliklərini yerinə yetirmişlər, yaxud müvafiq məbləğlər qeyd-şərtsiz ödənilməlidir.