Nağdsız ödənişlərin həcmi artıb

2019.03.12 12:47 (UTC+04:00)

Mərkəzi Bank Azərbaycanda 2019-cu ilin ilk ayında həyata keçirilmiş ödənişlərin həcmini açıqlayıb. Statistikanın təhlili göstərib ki, yanvarda ölkədaxili nağdsız ödənişlərin böyük hissəsi - 162 milyon manat elektron ticarətin payına düşüb. Ödənişlərin 106 milyon manatı POS-terminallar, 18 milyon manatı isə ATM-lər vasitəsilə gerçəkləşdirilib. Bu ilin ilk ayında ölkədaxili nağdsız ödənişlərin ümumi həcmi 286 milyon manat təşkil edib. 2018-ci ilin yanvar ayı ilə müqayisədə bu göstərici 106 milyon manat artıb. Yanvarda ölkəxarici nağdsız əməliyyatların həcmi isə ötən ilin dekabrına nisbətən 18 milyon manat artaraq 109 milyon manata çatıb. 2018-ci ilin yanvarında isə bu göstərici 102 milyon manat olub.

2019-cu ilin yanvar ayında ödəniş kartlarının ümumi sayı ötən ilin sonu ilə müqayisədə artaraq 6 milyon 550 min ədədə çatıb. Bunlardan 5 milyon 677 mini debet, 873 mini isə kredit kartları olub. Yanvar ayında ölkə ərazisində vətəndaşlara xidmət göstərən bankomatların da sayı artıb: 2 min 510 ədədə çatıb. POS terminalların sayı isə azalaraq 65 min 975 ədədə düşüb. Ötən ilin dekabrında bu göstərici 66 min 110 ədəd təşkil edib.