İcarəyə götürülmüş torpaq sahələri üzrə vergitutma

2021.06.25 10:08 (UTC+04:00)

Vergi Məcəlləsinin 204-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində torpaq sahələri olan fiziki şəxslər və müəssisələr torpaq vergisinin ödəyiciləridir. Məcəllənin 205-ci madddəsində isə göstərilib ki, fiziki şəxslərin və müəssisələrin Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində olan torpaq sahələri vergitutma obyekti sayılır.

Vergi Məcəlləsinin 203.2-ci maddəsinə əsasən, rezident və qeyri-rezident fiziki şəxslər, habelə rezident və qeyri-rezident müəssisələr torpaq sahələri barədə özlərinin mülkiyyət və istifadə hüquqlarını təsdiq edən sənədləri aldıqdan sonra fiziki şəxslər və bələdiyyə müəssisələri bələdiyyələrdə, digər müəssisələr isə vergi orqanında 1 ay ərzində uçota durmalıdırlar.

"Torpaq icarəsi haqqında " Qanun 4-cü maddəsində qeyd edilir ki, torpaq üzərində icarə münasibətlərinin obyektləri dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardır. Azərbaycan Respublikasında bu Qanunla müəyyənləşdirilən icarə münasibətlərinin obyektləri olan dövlət və bələdiyyə torpaqları mənfəət (gəlir) əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə, qanunvericiliklə müəyyən edilmiş qaydada, icarə əsasında verilir.

"Torpaq icarəsi haqqında" Qanunun 14-cü maddəsinə əsasən, icarəyəverən torpaq vergisi tədiyəçisi olduqda torpaq vergisi icarə haqqının tərkibinə daxil edilir. İcarəyəverən torpaq vergisi tədiyəçisi olmadıqda iaə icarə haqqının tərkibində torpaq vergisi nəzərə alınmır.

Vergi Məcəlləsinin 207.1.2-ci maddəsinə əsasən, dövlət hakimiyyəti orqanlarının, büdcə təşkilatlarının və yerli özünüidarəetmə orqanlarının, Azərbaycan Respublikası Mərkəzi Bankının və onun qurumlarının, dövlətin adından yaradılan publik hüquqi şəxslərin (sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunan torpaqlar istisna olmaqla), habelə Azərbaycan Respublikasının Dövlət Neft Fondunun mülkiyyətində və ya istifadəsində olan torpaqlar torpaq vergisindən azaddır.

Göründüyü kimi, torpağın icarə haqları müəyyən edilərkən icarəyə verən şəxsin torpaq vergisi ödəyicisi olması fərqləndirilir. Vergi məbləği icarə haqqı müəyyən edilərkən qiymətə təsir edən amil kimi çıxış edir. Bu səbəbdən icarəyəverən torpaq vergisi tədiyəçisi olduqda torpaq vergisi icarəyəverən tərəfindən, icarəyəverən torpaq vergisi tədiyəçisi olmadıqda isə icarəyə götürən tərəfindən ödənilməlidir.

Bu baxımdan, dövlətin və bələdiyyələrin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələri fiziki və ya hüquqi şəxslərə icarəyə verilən zaman icarəyəverən dövlət orqanı və ya bələdiyyə torpaq vergisinin tədiyəçisi olmadığı üçün icarəyə götürən icarəyə götürülmüş torpaq sahəsinə görə icarə haqqı ödəməklə yanaşı, qanunvericilikdə güzəştlər nəzərə alınmaqla bu torpaq sahələrinə görə torpaq vergisi ödəməlidir.

İcarəyəverənin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələri fiziki şəxslərə və müəssisələrə aid olduğu halda icarəyə götürən torpaq vergisi ödəmir. Vergi Məcəlləsinin 208.5-ci maddəsinə əsasən, torpaq vergisi torpağın əvvəlki sahibi tərəfindən ödənilmədiyi halda vergi bu maddə ilə müəyyən edilmiş ödəmə vaxtına həmin torpağın sahibi tərəfindən ödənilir.

Vergi Məcəlləsinin 208.6-cı maddəsində göstərilib ki, müəssisələrin və bu Məcəllənin 206.1-ci maddəsində nəzərdə tutulmuş fiziki şəxslərin torpaq vergisi dövlət büdcəsinə, digər hallarda fiziki şəxslərin torpaq vergisi yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödənilir.