Auditorlar Palatası öz üzvlərinin fəaliyyətinə nəzarəti gücləndirir

2021.06.23 17:58 (UTC+04:00)

Son vaxtlar dövlət qurumlarından və təsərrüfat subyektlərindən daxil olan məlumatlara əsaslanan müraciətdə bildirilir ki, bəzi auditorlar maliyyə hesabatlarının auditi və digər əlaqəli xidmətlər göstərən zaman ölkə qanunvericiliyinin, Beynəlxalq Audit Standartlarının (BAS), Peşəkar Mühasiblərin Beynəlxalq Etika Məcəlləsinin (Beynəlxalq Müstəqillik Standartları ilə birlikdə), İFAC-ın bu sahə üzrə normativ sənədlərinin tələblərinə, Auditorlar Palatasının üzvləri arasında dempinq və haqsız rəqabətin yolverilməzliyi barədə partnyorluq sazişinin müddəalarına əməl etmir.

Palatanın müraciətində qeyd olunub ki, maliyyə hesabatlarının düzgün tərtib və təqdim olunmaması, rəylərin BAS-a uyğun formada verilməməsi, Palata Şurasının qərarlarına, Palata sədrinin əmr və sərəncamlarına əməl edilməməsi halları narahatlıq doğurur: “Palata audit xidməti bazarında şəffaflığın artırılması, haqsız rəqabətin, dempinq hallarının aradan qaldırılması, auditə ictimai etimadın gücləndirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirir və öz səlahiyyətləri çərçivəsində həmin mənfi hallara qarşı mübarizəni mütəmadi davam etdirir. Yalnız belə olan halda, biz ölkəmizdə auditor peşəsinin nüfuzunun yüksəlməsinə, auditin təkmilləşdirilməsinə, iqtisadiyyatın dayanıqlı inkişafına, auditdən gözlənilən dəstəyə nail ola bilərik”.