Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ruslan Zeynal bildirib ki, bu il fermerlər 6 bitki üzrə apardıqları təkrar əkinlərə görə subsidiya ala biləcəklər: “Payız əkinlərinin biçinini başa çatdırmış fermerlər yeni mövsümədək qarğıdalı, günəbaxan, soya, sorqo, darı, kartof bitkilərindən birinin və ya bir neçəsinin əkinini həyata keçirə bilərlər.
Təkrar əkinlərə görə verilən subsidiyaların məbləği Subsidiya Şurasının qəbul etdiyi əmsallara görə hesablanır.
Pambıq, tütün və şəkər çuğunduru bu subsidiya kateqoriyasına aid olmasa da, bu bitkiləri əkmiş fermerlər məhsul subsidiyası almaq üçün mütləq əkinlərini EKTİS-yə bəyan etməlidirlər.
Təkrar əkin üçün müraciət etmək istəyən fermerin bu il ilk əkin aparması barədə bəyanı mütləq EKTİS-də olmalıdır. Bu il torpaq analizi vermiş fermerlərdən isə təkrar əkin bəyanında bu sənəd tələb olunmayacaq. Müraciətlər toplandıqca monitorinqlər aparılacaq və sentyabrdan başlayaraq təkrar əkin subsidiyaları ödəniləcək”.
Qeyd edək ki, təkrar əkin subsidiyası fermer kartına köçürülür. Vəsaitin 25 faizini fermer nağdlaşdıraraq istifadə edə, 75 faizindən isə nağdlaşdırmadan toxum, gübrə, pestisid ala bilər. Qaydalara görə, subsidiya vəsaitindən təyinatı üzrə istifadə etməyən və fermer kartındakı nağdlaşdırılmayan hissədən nağd istifadə etməyə çalışan şəxslərə cəza və cərimə tətbiq olunur.