Sosial sığorta şəhadətnaməsinin ləğvi zəruri idi

2021.06.23 12:10 (UTC+04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, aparılan sosial islahatların tərkib hissəsi kimi elektronlaşma proqramı çərçivəsində fərdi uçot barədə dolğun e-informasiya bazaları formalaşdırılıb.

Hər bir sığortaolunana uçot dövründə daimi sosial sığorta nömrəsi ilə fərdi şəxsi hesab açılaraq ödənilən məcburi dövlət sosial sığorta haqları bu hesablarda qeydə alınır. Bu kimi innovativ həllərin nəticəsi olaraq və e-sistemdə vətəndaşların daimi sosial sığorta nömrəsinin olmasının kifayət etməsi nəzərə alınaraq, sosial sığorta şəhadətnaməsinin maddi daşıyıcıda çap edilərək təqdim edilməsinə ehtiyac qalmayıb.

Əmək hüquqları üzrə ekspert Sahib Məmmədov bildirib ki, sosial sığorta şəhadətnamələrinin ləğvi aktual məsələ idi. Hər il DSMF tərəfindən bu şəhadətnamələrin çapına müəyyən qədər vəsait xərclənirdi: “Eyni zamanda işəgötürənlər də bunun uçotunu aparmali idi. Əslində, bu kartların xüsusi bir əhəmiyyəti yox idi. Onlarla hər hansı əməliyyat aparmaq mümkün deyildi və o kartlarda heç bir informasiya saxlanılmırdı. Sadəcə, üzərindəki nömrəyə görə verilirdi. “Fərdi uçot haqqında” Qanuna və Əmək Məcəlləsinə edilən dəyişikliklə hər bir işçiyə sosial sığorta nömrəsi veriləcək. Yəni kartın üzərində qeyd edilən nömrə bundan sonra elektron nömrə ilə əvəz olunacaq.

Bir şeyi vurğulamağı da vacib hesab edirəm ki, bu dəyişikliklə fərdi uçot sistemi ləğv olunmur, sadəcə sosial sığorta şəhadətnamələri dövriyyədən çıxarılır və elektron nömrə ilə əvəzlənir. Bunun bir sıra üstünlükləri də var: DSMF vəsaitlərinə qənaət olunacaq, dövlət orqanlarında bu işlərlə məşğul olan işçilərin iş yükü azaldılacaq, işəgötürənlərin işi əhəmiyyətli şəkildə asanlaşacaq. Bununla yanaşı, kartların itirilməsi və əvəzlənməsi kimi hallar da aradan qalxacaq”.

Xatırladaq ki, hazırda fəaliyyətdə olan “e-sosial” internet portalı vasitəsilə vətəndaşlar əmək müqaviləsi, fərdi uçot, pensiya kapitalı, sosial təminat növləri, torpaq-pay mülkiyyəti, əlillik, reabilitasiya, ödənilmiş məcburi dövlət sosial sığorta haqları ilə bağlı məlumatları və s. sahələr üzrə mütəmadi olaraq yenilənən məlumatları istənilən vaxt asanlıqla əldə edə bilərlər.