“Startap” şəhadətnaməsi almaq istəyən sahibkarların müraciətlərinə baxılıb

2021.06.22 14:50 (UTC+04:00)

“Startap” şəhadətnaməsi ilə bağlı müraciətlərə baxılması məqsədilə yaradılmış Ekspertlər Şurasının növbəti iclası keçirilib.

İqtisadiyyat Nazirliyindən bildirilib ki, iclasda “Startap” şəhadətnaməsi almaq üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) sahibkarlıq subyektlərindən daxil olmuş aqrar sahə üzrə “ağıllı cihaz”, bank-maliyyə, elektron ticarət və logistika sahələri üzrə innovativ həllərə dair müraciətlərə baxılıb.

Qeyd edək ki, “Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir. Bu isə startapa gəlirini startap layihələrinin inkişafına yönəltməyə və böyüməyə imkan verir. “Startap” şəhadətnaməsi, həmçinin startapa yerli və xarici investorların marağını artırır, xarici bazarlara çıxışı asanlaşdırır. “Startap” şəhadətnaməsi almaq üçün sahibkarlıq subyektləri KOBİA-ya yazılı və ya elektron qaydada müraciət edə bilərlər. “Startap” şəhadətnaməsi almaq üçün Agentliyə daxil olmuş müraciətlər əsasında ayda bir dəfə müxtəlif dövlət qurumlarının nümayəndələri və müstəqil ekspertlərdən ibarət Ekspertlər Şurasının iclası keçirilir. KOBİA, həmçinin “Startap” şəhadətnaməsinin alınmasına dair prosedurlar, o cümlədən müvafiq sənədlərin hazırlanması üçün sahibkarlara ödənişsiz məsləhət xidməti göstərir.