Dövlət Vergi Xidməti: Vergi ödəyicilərinin sayının artması əsasən kommersiya qurumlarının hesabınadır

2021.06.22 14:42 (UTC+04:00)

2021-ci ilin mart, aprel və may aylarında qeydə alınan vergi ödəyicilərinin sayında artım müşahidə edilib.

Dövlət Vergi Xidmətinin Media və Kommunikasiya İdarəsindən bildirilib ki, hüquqi şəxs kimi uçotda olan vergi ödəyicilərinin sayının artması əsasən (97,9 faiz) kommersiya qurumlarının hesabına baş verib.

Müqayisə edilən dövrdə kommersiya qurumlarının sayı 7,7 faiz artaraq 138 min 803, qeyri-kommersiya qurumlarının sayı isə 1,4 faiz artaraq 15 min 793 vahid təşkil edib.
Cari ilin 5 ayında 4573 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 27,2 faiz çoxdur.

Yanvar-may aylarında kommersiya qurumlarının dövlət qeydiyyatının 83,3 faizi elektron qaydada, 16,7 faizi isə kağız daşıyıcılarda edilmiş müraciətlər əsasında həyata keçirilib.