19 sahibkarlıq subyektində zəruri tələblərə əməl olunmadığı aşkarlanıb

2021.06.21 17:56 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) pandemiya şəraitinin zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət tədbirlərini davam etdirir.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, iyunun 17-də keçirilən monitorinqlər zamanı Binəqədi rayonunda "Catre" MMC-də, İlhamə Həsənovaya məxsus mağazada, Nərimanov rayonunda İlkanə Ömərovanın “Uşaq geyimləri mağazası”nda, Nəsimi rayonunda Elxan Əsədova məxsus “Market”də, Nizami rayonunda “Grandmart” ticarət obyektində, Səbail rayonunda Şamo Abuzərovun ərzaq mağazasında, Suraxanı rayonunda "Tatlı şirniyyat mağazası”nda, Xətai rayonunda Tacirə Əliyevaya məxsus “Uşaq geyimləri mağazası”nda, Xəzər rayonunda “Baku Ticarət Mərkəzi”ndə, Yasamal rayonunda Maarif Abışova məxsus mağazada, Gəncə şəhərində "Azəri xatun geyim mağazası”nda, “Papatya” ticarət obyektində, Rauf Məmmədova məxsus çörək istehsalı müəssisəsində, Sumqayıt şəhərində “Karvan Ticarət Mərkəzi”ndə, “Emil market”də, ümumilikdə 19 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu aşkar olunub.

Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.