İqtisadçı ekspert Anar Bayramov bildirib ki, ödəmə mənbəyində vergi tutulan malların siyahısı “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsində göstərilib:
- kənd təsərrüfatı məhsulları (istehsalçılardan alınan məhsullar istisna olmaqla);
- əlvan və qara metal qırıntılarının qəbulu;
- utilizasiya və digər məqsədlər üçün kağız, şüşə və plastik məmulatların qəbulu;
- utilizasiya məqsədləri üçün işlənmiş şinlərin qəbulu;
- xam dərinin tədarükü (alışı).
Misal: Tutaq ki, “AA” MMC vergi uçotunda olmayan şəxslərdən 20.000 manat məbləğində mallar alıb. Bunun 12.000 manatlığı kənd təsərrüfatı mallarıdır. Kənd təsərrüfatı mallarının 5.000 manatı birbaşa kənd təsərrüfatı məhsulları istehsalçısından alınıb. 3.500 manatlıq mal şüşə məmulatı, 4.500 manatlıq mal isə metal qablardır.
Kənd təsərrüfatı istehsalçısı olmayan şəxsdən alınan mallara görə ödənilən 7.000 manatdan (12.000 – 5.000 = 7.000) ödəmə mənbəyində 2 faiz məbləğində, yəni 140 manat vergi tutulmalıdır: 7.000 x 2% = 140 manat
Kənd təsərrüfatı məhsulu istehsalçısından alınan 5.000 manat məbləğində mal üzrə ödəmə mənbəyində vergi hesablanmır. Çünki Vergi Məcəlləsinə əsasən, kənd təsərrüfatı məhsulu istehsalçılarının gəlirləri vergidən tam azaddır.
Vergi orqanlarında uçotda olmayan vətəndaşdan alınan 3.500 manatlıq şüşə məmulatı üzrə ödəniş edildikdə ödəmə mənbəyində 70 manat vergi tutulur: 3.500 x 2% = 70 manat.
Şüşə məlumatları da “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.5-ci maddəsində göstərilən malların siyahısına aiddir.
Vergi orqanlarında uçotda olmayan vətəndaşdan alınan 4.500 manatlıq metal qabların alınması zamanı isə ödəmə mənbəyində hər hansı vergi tutulmur. Çünki metal qablar “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsində göstərilən malların siyahısında yoxdur.
Onu da yadda saxlamaq lazımdır ki, vergi ödəyicisi qeyd edilən bütün malların alınması zamanı Vergi Məcəlləsinin 71-2.1-ci maddəsinin tələblərinə uyğun olaraq alış aktları və malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib etməlidir.