Dünya Bankının İcraçı Derektorlar Şurası Özbəkistanın Dövlət Vergi Komitəsinə 60 milyon dollar həcmində güzəştli kredit ayrılması barədə qərarı təsdiqləyib. Bu vəsait daha keyfiyyətli vergi xidməti göstərmək yolu ilə ölkənin vergi administrasiyasının modernləşdirilməsinə yönəldiləcək.
Ayrılan vəsait respublika hökumətinə aşağı faiz dərəcəsi ilə 30 il müddətinə güzəştli kredit formasında veriləcək.
Layihə vergi bazasının genişləndirilməsinə imkan yaradacaq ki, bu da son nəticədə “kölgə iqtisadiyyatı"nın azaldılmasına gətirib çıxardacaq. Ekspertlərin rəyinə görə, hazırda Özbəkistanda ümumi daxili məhsulda qeyri-rəsmi iqtisadiyatın payı təxminən 50 faiz təşkil edir. İslahat nəticəsində vergi daxilolmaları artacaq, yerli şirkətlər daha səmərəli vergi sistemi sayəsində yeni iş yerləri aça biləcəklər.
Üç əsas tərkib hissəsindən ibarət olan layihə Dövlət Vergi Komitəsinin əməliyyat, institusional, texnoloji və kadr potensialının inkişafına şərait yaradacaq, eləcə də vergi qanunvericiliyinə könüllü əməletməni stimullaşdıracaq.
Birinci mərhələdə Dövlət Vergi Komitəsi vergi inzibatçılığının əsas proseslərini avtomatlaşdıracaq. Kağız dəftərxana daşıyıcılarının azaldılması, hüquqi və fiziki şəxslər tərəfindən vergilərin ödənilməsinin sadələşdirilməsi üçün idarəetmənin yeni informasiya sistemi işlənib hazırlanacaq.
İkinci mərhələdə “kölgə iqtisadiyyatı”nın azaldılması üçün tədbirlər görüləcək, vergidən yayınma hallarının üzə çıxarılması və qarşısının alınması məqsədilə vergi administrasiyasının hüquqi səlahiyyətləri artırılacaq.
Üçüncü mərhələdə Dövlət Vergi Komitəsi işə daha səriştəli və ixtisalı mütəxəssislərin cəlb olunması üçün kadr və institusional potensialın güləndirilməsini həyata keçirəcək.