Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək müqaviləsi bildirişi” altsistemində qeydiyyatda olan əmək müqavilələrinin (1,7 milyonadək müqavilə) ən çox hissəsi (28,1 faizi və ya 464,3 mini) 31-40 yaşlarında olan şəxslərlə bağlanıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, e-sistemdəki əmək müqaviləsi bildirişlərinin 20,3 faizi 41-50 yaşlarında, 20,1 faizi 51-60 yaşlarında, 20 faizi 21-30 yaşlarında, 9,7 faizi isə 61-70 yaşlarında olan işçilərə aiddir.
Həmçinin e-sistemdə 143 nəfər 16 yaşa qədər, 1260 nəfər isə 80 yaşdan yuxarı olan şəxsin adına əmək müqaviləsi bildirişi mövcuddur.
Qeyd edək ki, Əmək Məcəlləsinin tələblərinə əsasən 15 yaşına çatmamış şəxslərlə bağlanılan əmək müqaviləsi etibarsız sayılır.
Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən “Əmək müqaviləsi bildirişi” altsistemi üzərindən daimi nəzarət həyata keçirilir və 15 yaşına çatmamış şəxslərlə əmək müqavilələri bağlanmasına yol verilmir. 15 yaşından 18 yaşınadək olan şəxslərlə əmək müqaviləsi bağlanarkən isə onların valideynlərindən və ya övladlığa götürənlərdən (qəyyumlarından) birinin və yaxud qanunla onları əvəz edən şəxslərin yazılı razılığı alınmalıdır.