KOBİA Türkiyənin ticarət palataları ilə əməkdaşlıqda maraqlıdır

2021.06.21 15:02 (UTC+04:00)

Türkiyənin Kocaeli Ticarət Palatasının nümayəndələri Azərbaycana səfər çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) olublar.

KOBİA-dan bildirilib ki, Kocaeli Ticarət Palatasının İdarə Heyətinin sədri Necmi Bulutun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təşkil olunmuş görüşdə agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov KOB-lar arasında ticarət əlaqələrinin qurulması və inkişafı üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ticarət palataları ilə əməkdaşlığa önəm verdiyini, bu sahədə müxtəlif ölkələrin, xüsusilə də Türkiyənin ticarət palataları ilə əməkdaşlıqda maraqlı olduğunu qeyd edib.
Görüşdə ölkəmizdə kiçik və orta sahibkarlıq sahəsində görülən işlər, dəstək tədbirləri və agentliyin fəaliyyəti barədə nümayəndə heyətinə ətraflı məlumat verilib, palata ilə birgə əməkdaşlıq və biznes ictimaiyyətləri arasında əlaqələrin genişləndirilməsi imkanlarına dair fikir mübadiləsi aparılıb.