İyunun 18-də Moskvada, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin (XTNS) “Kosmos” pavilyonunda MDB İqtisadi Şurasının növbəti, 90-cı iclası keçirilib.
İclasda MDB İqtisadi Şurasının sədri, Belarus Respublikası Baş nazirinin müavini İqor Petrişenko sədrlik edib. Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov iclasın işində iştirak edib.
MDB İqtisadi Şurasının üzvləri MDB-yə üzv ölkələrin iqtisadi əməkdaşlığı ilə bağlı ən aktual məsələlər barədə fikir mübadiləsi aparıb, MDB-nin sahəvi orqanlarının qarşılıqlı fəaliyyətinin perspektivlərini, MDB dövlətlərinin və MDB İcraiyyə Komitəsinin qarşısında duran əsas məsələləri müzakirə ediblər.
XTNS-nin Baş direktoru Sergey Şoqurov İqtisadi Şura üzvlərini MDB-yə üzv dövlətlərin XTNS ərazisində sərgi-ticarət mərkəzlərinin statusu, bu mərkəzlərin yaradılması və açılması ilə bağlı işlərin gedişi barədə məlumatlandırıb.
Nəzərdə tutulur ki, MDB-yə üzv dövlətlərin sərgi-ticarət mərkəzləri “XTNS” Səhmdar Cəmiyyətinin MDB-nin bu il qeyd edilən 30 illik yubileyinə həsr edilmiş tədbirlərində fəal iştirak edəcəklər.
MDB Dövlətlərarası Statistika Komitəsinin sədri Vladimir Sokolin məruzə ilə çıxış edib. O, iclas iştirakçılarını 2020-ci il ərzində üzv ölkələrin sosial-iqtisadi vəziyyətini, iqtisadi inkişafın səviyyəsini və dinamikasını, habelə iqtisadi inteqrasiya dərəcəsini xarakterizə edən əsas makroiqtisadi göstəricilərin monitorinqi barədə məlumatlandırıb.
İclasda RF energetika nazirinin müavini Pavel Snikkars MDB-yə üzv ölkələrin energetika sahəsində əməkdaşlıq konsepsiyasının həyata keçirilməsinə dair təxirəsalınmaz tədbirlər planının yerinə yetirilməsi yekunları barədə məruzə ilə çıxış edib.
MDB ölkələrinin sahəvi əməkdaşlıq üzrə baza təşkilatları statusu verilməsi mövzusu iclasda ayrıca bir blok kimi nəzərdən keçirilib.
“Kurçatov İnstitutu” Elmi-Tədqiqat Mərkəzinə MDB ölkələrinin “meqasayens” tədqiqat infrastrukturunun inkişafı üzrə baza təşkilatı statusu verilib.
MDB-də sahəvi əməkdaşlıq orqanlarının işinin fəallaşdırılması məsələsinə xüsusi diqqət yetirilib. MDB İqtisadi Şurasının iclaslarında sahəvi əməkdaşlıq orqanlarının hesabatlarının müntəzəm dinlənilməsi, bu orqanların kuratorluq etdiyi iqtisadiyyat sahələrinin problemlərinin və inkişaf perspektivlərinin qiymətləndirilməsinin zəruri olması barədə qərar qəbul edilib.
MDB İqtisadi Şurasının növbəti iclası sentyabrın 24-də Moskvada keçiriləcək.