Tələbə Krediti Fondu təhsil almaq istəyənlər üçün əlavə imkanlar açır

2021.06.18 16:12 (UTC+04:00)

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin baş analitiki Günay Quliyeva bildirib ki, yeni Fond təhsilin maliyyələşdirməsinin ən yeni mexanizmlərindən biri kimi təhsil almaq istəyənlər üçün bərabər imkanlar yaradacaq.

“Dünyada 4-cü sənaye inqilabının yaratdığı yeni növ rəqabətə hazır olmaq və dayanıqlı iqtisadi inkişafı təmin etmək üçün hər bir ölkə yüksək rəqabətli insan kapitalını formalaşdırmalıdır. Təhsil Tələbə Krediti Fondu təhsil almaq arzusunda olan həssas və aztəminatlı ailələrdən gələn və digər dövlət təhsil maliyyələşdirmə mexanizmlərindən yararlana bilməyən bütün gənclər üçün yeni resurs mənbəyi olacaq.

Azərbaycanda ali təhsilin 50 faizə yaxını dövlət tərəfindən maliyyələşdirilir. Yeni Fond təhsil almaq istəyənlər üçün mövcud dövlət maliyyələşmə mexanizmlərini əvəz etmir, əksinə, əlavə imkanlar açır. Fondun yaradılması ölkəmizdə insan kapitalına üstünlük verilməsinin tərkib hissəsidir. Resurs iqtisadiyyatından səmərəlilik iqtisadiyyatına keçid dövründə qara qızılı – nefti əvəz edəcək ən yaxşı iqtisadi sərvət ölkəmizin insan kapitalı ola bilər.

Azərbaycan Respublikasının beynəlxalq rəqabətliliyini dayanıqlı inkişafı şərtləndirən elm və təhsilə investisiya qoymaqla təmin etmək mümkündür. Bunun üçün dövlətimiz inkişaf etmiş ölkələrdə tətbiq olunan bütün təhsilə dəstək mexanizmlərindən istifadə edir”.