2021-ci ilin ilk beş ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti vətəndaş müraciətlərinə əsasən apardığı araşdırmalar zamanı işəgötürənlər tərəfindən işçilərə əməkhaqqı və sosial xarakterli digər ödənişlərdən ibarət 80 min manata yaxın vəsaitin ödənişinin gecikdirildiyini müəyyən edib. Həmin məbləğin 85,4 faizini əməkhaqqı, 4,2 faizini işəgötürənlər tərəfindən ödənilməli olan sosial müavinət və kompensasiyalar, qalan hissəsini isə zərərə görə ödənişlər təşkil edir. Xatırladaq ki, 2020-ci illə müqayisədə bu ilin ilk 5 ayında gecikdirilən məbləğlərin ümumi həcmi 54,6 faiz çox olub.
Yanvar-may aylarında Dövlət Əmək Müfəttişliyi Xidməti daxil olan müraciətlərin araşdırılması zamanı 572 hüquq pozuntusu aşkar edib. Hüquq pozuntuları əsasən əmək müqavilələrinin bağlanılmaması və ya onun şərtlərinin yerinə yetirilməməsi, məzuniyyət hüquqlarının pozulması, qanunvericiliyin tələbləri pozulmaqla əmək müqavilələrinə xitam verilməsi və s. ilə bağlı olub.