Nağdsız ödənişlərin təhlükəsizliyi Mərkəzi Bankın böyük əhəmiyyət verdiyi məsələlərdəndir

2021.06.18 10:21 (UTC+04:00)

Mərkəzi Bankın “Tvitter” hesabından yaydığı açıqlamada bildirilib ki, Bankın İdarə Heyətinin qərarı ilə təsdiq edilmiş “Ödəniş statistikası hesabatının tərtibi və təqdim edilməsi haqqında Təlimat”ın “Ödəniş kartları ilə baş vermiş fırıldaqçılıq əməliyyatları haqqında statistik hesabat” formasında (Forma ÖS-11) Azərbaycanda emissiya olunmuş ödəniş kartları ilə baş vermiş ölkədaxili və ölkəxarici, həmçinin qeyri-rezident təşkilatlara məxsus ödəniş kartları ilə ölkədaxili ödəniş xidməti şəbəkəsində baş vermiş fırıldaqçılıq əməliyyatları haqqında məlumatlar 2013-cü ildən Mərkəzi Bank tərəfindən rüblük əsasda toplanılır və təhlil edilir.

Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə təsdiq edilmiş “Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları”na uyğun olaraq emitent banklara və kart məlumatlarının emalı ilə məşğul olan təşkilatlara ödəniş kartları ilə aparılan şübhəli əməliyyatların real vaxt rejimində aşkar edilərək vaxtında qarşısının alınması, bu tip əməliyyatlar üzrə risklərin effektiv idarə edilməsi üçün proqram təminatının olması, kartlarla aparılan şübhəli əməliyyatların aşkar edilməsi istiqamətində real vaxt rejimində monitorinqin keçirilməsi, kart istifadəçilərini eyniləşdirən məxfi məlumatların qanunsuz açıqlanmasının qarşısının alınması üzrə daxili prosedur qaydalarının olması və bu qaydalarda nəzərdə tutulan minimum müddəalara dair tələblər müəyyən edilib.

Bundan əlavə, müxtəlif illərdə maliyyə bazarlarına nəzarət qurumları tərəfindən banklara ödəniş kartları ilə fırıldaqçılıq əməliyyatlarının qarşısının alınması üzrə tövsiyələr, elektron bankçılıq xidmətlərinin göstərilməsinə və bu xidmətlər üzrə təhlükəsizliyin təmin olunmasına dair Metodoloji Rəhbərlik də banklara göndərilib.

Mərkəzi Bank Azərbaycan Banklar Assosiasiyasının nəzdində fəaliyyət göstərən “Ödəniş sistemləri və rəqamsal bankçılıq” ekspert qrupu çərçivəsində banklarla ödəniş kartları ilə aparılan əməliyyatlarda fırıldaqçılıq hallarının qarşısının alınması sahəsində fəaliyyətin koordinasiyası, baş verən fırıldaqçılıq əməliyyatlarının və bu sahədə mümkün təhdidlərin müzakirəsi, bank sektorunda ümumi preventiv tədbirlərin həyata keçirilməsi məqsədilə mütəmadi əsasda görüşlər keçirməkdədir.

Bunlarla yanaşı, davamlı olaraq müxtəlif əhali qrupları arasında ödəniş kartlarından təhlükəsiz istifadənin təbliğ edilməsi, maliyyə savadlılığının artırılması, rəqəmsal ödənişlər haqqında zəruri biliklərin verilməsi və bununla da fırıldaqçılıq hallarının qarşısının alınması məqsədilə seminar və təlimlər təşkil olunur.