İspaniya ilə investisiya və ixrac sahəsində əməkdaşlığın inkişafı müzakirə edilib

2021.06.17 14:40 (UTC+04:00)

Azərbaycan ilə İspaniya arasında investisiya və ixrac sahəsində əməkdaşlığın inkişafı müzakirə olunub.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) bildirilib ki, İspaniyanın Azərbaycandakı müvəqqəti işlər vəkili İqnasio Sançes Taboada ilə işgüzar görüş keçirilib. AZPROMO-nun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti, Azərbaycan məhsullarının xarici ölkələrdə təşviqi, ixrac coğrafiyasının genişləndirilməsi istiqamətində fond tərəfindən görülən işlər barədə məlumat verib, iqtisadi əməkdaşlığın inkişafında iş adamları arasında əlaqələrin rolunu qeyd edib.

İqnasio Sançes Taboada iqtisadi tərəfdaşlığın genişləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb, bu sahədə işgüzar görüşlərin önəmini vurğulayıb.

Görüşdə iki ölkə arasında investisiya və ixrac sahəsində əməkdaşlığın inkişafı barədə fikir mübadiləsi aparılıb.