“Citigroup”: “Brent” neftinin qiyməti 80 dollara yüksələ bilər

2021.06.17 13:02 (UTC+04:00)

“Brent” markalı xam neftin qiyməti qarşıdakı dövrdə 80 dollara yüksələ bilər.

Bu proqnozla ABŞ-ın üçüncü böyük bankı olan “Citigroup” çıxış edib.

Vaksinasiya prosesinin sürətlənməsi və məhdudiyyətlərin yumşaldılmasının qlobal neft tələbatındakı canlanmanı sürətləndirməsi fonunda bazar aktorları neft qiymətləri ilə bağlı proqnozlarını yuxarı istiqamətli yeniləyir.

“Citigroup”a görə, epidemiya tədbirlərinin yumşaldılması səbəbindən daha öncə gözlənilən tələbatdakı geri dönüşün hazırda baş verməsinin təsiri ilə qlobal tələbatdakı canlanma fonunda “Brent” neftinin qiyməti 80 dollar səviyyəsinə qalxa bilər. “Citigroup”un analitikləri avqust ayında neft məhsullarına olan qlobal tələbatın pik həddə çatacağını söyləyiblər.

Ekspertlər ABŞ-ın yanacaq istehlakının gündəlik 1 milyon barel artacağını proqnozlaşdırırlar. Qlobal konteyner həcmləri 2019-cu ilin aprel ayına nisbətən cari ilin eyni ayında 4,4 faiz artıb. İqtisadi və ticari fəaliyyətindəki sürətli canlanma da neft qiymətlərinə təsir edə bilər.

Qeyd edək ki, “Brent” markalı neftin qiyməti hazırda 74 dollar səviyyəsindədir, ilin əvvəlindən indiyədək isə 42 faiz artıb. “Brent” neftinin bir barelinin qiyməti sonuncu dəfə 2018-ci ilin oktyabrında 80 dollara yüksəlmişdi.