Şuşa Bəyannaməsi Azərbaycanda biznesin uzunmüddətli gözləntiləri üçün zəmin yaradır

2021.06.19 10:27 (UTC+04:00)

Şuşa Bəyannaməsi ilə Azərbaycan dünyanın 17-ci ən böyük iqtisadiyyatına sahib Türkiyə ilə əməkdaşlıqdan daha çox faydalanacaq. Türkiyə 2020-ci ildə 1,8 faiz iqtisadi artım göstərərək pandemiya şəraitində iqtisadiyyatı kiçilməyən nadir ölkələrdən olmaqla yanaşı, bu il də 5 faizdən yüksək artım proqnozu ilə dünyada ən sürətlə inkişaf edən ölkələrin sırasındadır. Türkiyə iqtisadiyyatının artımı getdikcə onunla daha çox inteqrasiya olunan Azərbaycanda da iqtisadi artıma stimul verə bilər.

Bəyannamə Azərbaycanda biznesin uzunmüddətli gözləntiləri üçün də zəmin yaradır. Xüsusən Bəyannamənin Şuşada imzalanması Qarabağda investisiya mühitinə əlavə bir qarant kimi qiymətləndirilməlidir. Şuşa bəyannaməsi ilə BP, Signify kimi qlobal şirkətlərin Qarabağda sərmayə yatırmaq niyyətləri bir-birini tamamlayır, Qarabağda investor inamı indeksini yüksəldir.

İqtisadi əlaqələrin genişləndirilməsi ölkələr arasında investisiya qoyuluşlarını da artıracaq. Hazırda Türkiyə Azərbaycanda daha çox qeyri-neft sektoruna, Azərbaycan isə Türkiyədə, əsasən, energetika və kimya sahələrinə kapital yatırır. Türkiyədən Azərbaycana investisiya qoyuluşları 12 milyard dollar, Azərbaycandan Türkiyəyə sərmayə yatırımları isə 19,5 milyard dollar təşkil edir.

Dünyanın müdafiə sənayesi bazarında ilk onluğa daxil olan Türkiyə ilə Azərbaycanın müdafiə sənayesi sahəsində əməkdaşlıq böyük perspektivlər vəd edir. Türkiyənin köməyi ilə Azərbaycan müdafiə sənayesi sahəsində ixrac, idxalın əvəzlənməsi və qlobal dəyər zəncirlərinə qoşulmaq nöqteyi-nəzərindən imkanlar qazanır. Eyni zamanda Türkiyənin enerji təhlükəsizliyində mühüm rol alan SOCAR-ın TPAO ilə əməkdaşlığı iki qardaş ölkənin neft-kimya sahəsində - dounstrimdə irəliləməsi üçün imkan yaradır.

Şuşa Bəyannaməsi imzalandıqdan sonra ticarət həcminin daha da artması üçün əlavə fəaliyyətlər gözlənilir. 2019-cu ildə Türkiyə Azərbaycanın ümumi xarici ticarət dövriyyəsində 4,5 milyard dollar olmaqla 14 faiz paya malik olub. Yüksələn trayektoriya üzrə inkişaf edən qarşılıqlı idxal-ixrac əməliyyatlarının həcminə pandemiyanın yaratdığı gərginliklər ciddi təsir göstərməyib. 2020-ci ildə iki ölkə arasında ticarət həcmi 4,16 milyard dollar təşkil edib. Azərbaycan və Türkiyə 15 milyard dollar olaraq hədəflənən ticarət həcminə nail olmaq üçün davamlı kompleks tədbirlər həyata keçirir. 1 mart 2021-ci ildən qüvvəyə minən Preferensial Ticarət Sazişi bu tədbirlərdən biridir. Saziş 15 mal qrupu üzrə tariflərin azaldılması, qeyri-tarif maneələrinin aradan qaldırılması ilə iki ölkə arasındakı idxal-ixrac əməliyyatlarını artıraraq ölkələrin qoyduqları ticarət dövriyyəsi hədəfinə çatmasını sürətləndirəcək.

Bəyannamədə Zəngəzur dəhlizinə yer ayrılması hər iki ölkə üçün əhəmiyyətlidir. Təkcə bu il ixrac həcmini 15-20 faiz artırmağı planlaşdıran Türkiyə ticarət dövriyyəsi 6 milyard dollara çatan Mərkəzi Asiya və 21 milyard dollar olan Çinlə iqtisadi əlaqələrdə Zəngəzur dəhlizindən istifadə edəcək. Zəngəzur dəhlizi Türkiyə-Rusiya iqtisadi əlaqlərinin də güclənməsinə imkanlar aça bilər. İxracyönümlü Türk iqtisadiyyatı üçün bu nəqliyyat dəhlizi ixrac marşrutlarının şaxələndirilməsi deməkdir.