Zəfər Yolunun inşası bölgə üçün yeni imkanlar yaradacaq

2021.06.16 10:02 (UTC+04:00)

Pezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Daşaltı kəndinin ərazisindən keçən hissəsində inşa olunacaq tunelin təməlini qoyub. Füzuli rayonundan millət vəkili Vüqar Bayramov vuğurlayıb ki, yeni tunelin təməlinin qoyulması Zəfər Yolunun daha intensiv şəkildə inşaatından xəbər verir. “1993-cü ilədək ölkə iqtisadiyyatında və xüsusən də kənd təsərrüfatında mühüm yer tutan Füzuli rayonu, ərazisinin əhəmiyyətli hissəsinin işğal altında qalması nəticəsində uzun müddət öz potensialından tam istifadə edə bilməyib.

1993-cü ilədək illik məhsul istehsalı 138 milyon 652 min manat olan Füzuli rayonu artıq bərpa olunur. Hazırda Füzulidə qurulmaqda olan infrastruktur bütövlükdə bölgə üçün xüsusi əhəmiyyət daşıyır. 110/35/10 kilovoltluq Füzuli yarımstansiyası rayonun enerji təminatında xüsusi paya malik olacaq.

İnşa edilən yeni hava limanının və Şuşa yolunun yaxınlığında yerləşən bu yarımstansiya, hava limanı da daxil olmaqla, Füzuli şəhəri və ətraf kəndlərdə inşa ediləcək bütün infrastrukturu elektrik enerjisi ilə təchiz edəcək.

Füzuli hava limanı işğaldan azad edilmiş ərazilərimizə xarici turistlərin gəlməsi baxımından olduqca faydalıdır və yeni imkanlar yaradacaq. Bu obyekt yükdaşımalar, xüsusən də beynəlxalq yükdaşımalar üçün vacib əhəmiyyət kəsb edir. İşğaldan azad edilmiş ərazilərimizin sənaye potensialını nəzərə alsaq, Füzulidə açılacaq hava limanı həm də həmin ərazilərdə istehsal olunacaq sənaye məhsullarının dünya bazarına çıxarılması və bütövlükdə regionun ixrac imkanlarının genişləndirilməsi baxmından vacibdir”.