Vergi Məcəlləsinin 16.1.11-1-ci maddəsinə əsasən, nağdsız ödənişlərin aparılması üçün “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 17-ci maddəsinə uyğun olaraq POS-terminalların quraşdırılmasını təmin etmək vergi ödəyicilərinin vəzifələrinə aid edilib. Bəzi həmkarlarımız bu maddəni əsas gətirərək yanlış olaraq qeyd olunan vəzifənin hər kəsə şamil edildiyini və POS-terminal quraşdırmamağın qanun pozuntusu olduğunu hesab edirlər. Lakin nəzərə almaq lazımdır ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 17-ci maddəsinə görə, ticarət, məişət və digər növ xidmətlərin göstərilməsi zamanı müştərilərlə hesablaşmaların aparılması, habelə vergilərin və dövlət orqanları tərəfindən göstərilən xidmətlərə (işlərə) görə dövlət rüsumlarının və haqlarının ödənilməsi üçün müvafiq POS-terminal quraşdırılmalıdır. POS-terminallar quraşdırılacaq obyektlərin müəyyənləşdirilməsi meyarları, ərazilər üzrə POS-terminalların mərhələlərlə tətbiqi qaydası və cədvəli müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) tərəfindən müəyyən edilir.
Bu meyarlara əsasən, bir sıra vergi ödəyiciləri üçün POS-terminal quraşdırmaq qanunvericiliyin mütləq tələbidir.
POS-terminalların məcburi quraşdırılacağı obyektlər aşağıdakılardır:
1. Dövriyyəsindən və ərazisindən asılı olmayaraq əlavə dəyər vergisi (ƏDV) ödəyicilərinin bütün təsərrüfat subyektləri (obyektləri) (vergi ödəyicisinin ƏDV məqsədləri üçün qeydiyyata alındığı tarixdən);
2. Dövriyyəsindən və ərazisindən asılı olmayaraq avtomobil və mebel satışı üzrə ixtisaslaşmış müəssisələr, idman və sağlamlıq kompleksləri, səhiyyə obyektləri, istirahət və əyləncə obyektləri, mehmanxanalar, şadlıq evləri, yanacaqdoldurma məntəqələri, hava, su, dəmiryol və avtomobil nəqliyyatı vasitələri ilə sərnişindaşımada biletlərin satışını həyata keçirən satış məntəqələri və turizm şirkətləri (təsərrüfat subyektinin (obyektinin) qeydiyyata alındığı tarixdən);
3. Rüb üzrə orta aylıq dövriyyəsi 2000 (iki min) manatdan artıq olan vergi ödəyicilərinin bütün təsərrüfat subyektləri (obyektləri) (ərazilər üzrə POS-terminalların mərhələlərlə tətbiq edilməsi cədvəlinə uyğun olaraq);
4. Hüquqi şəxslərə və fərdi sahibkarlara məxsus minik avtomobili ilə (taksi) sərnişin daşınmasını həyata keçirən nəqliyyat vasitələri (ərazilər üzrə POS-terminalların mərhələlərlə tətbiq edilməsi cədvəlinə uyğun olaraq);
5. Vergilərin və göstərilən xidmətlərə (işlərə) görə dövlət rüsumlarının və haqlarının ödənişini qəbul edən dövlət orqanları (ərazilər üzrə POS-terminalların mərhələlərlə tətbiq edilməsi cədvəlinə uyğun olaraq).
Əgər hər hansı müəssisə, eləcə də hazırlıq kursu və ya digər özəl təhsil qurumu ƏDV məqsədləri üçün qeydiyyatdan keçibsə və ya orta rüblük dövriyyəsi 2000 manatdan artdıqdırsa, orada POS-terminalın quraşdırılması zəruridir.
Operativ vergi nəzarəti zamanı POS-terminalın quraşdırılmaması üzə çıxarsa, Məcəllənin 58.7-ci maddəsinə uyğun olaraq həmin müəssisəyə maliyyə sanksiyası tətbiq edilə bilər. Bütün digər hallarda və siyahıda meyarlara uyğun gəlməyən digər vergi ödəyiciləri üçün POS-terminal quraşdırmaq könüllü xarakterlidir.
Lakin əhaliyə mal satan və ya xidmət göstərən vergi ödəyiciləri yaxşı olar ki, qanunla məcburi olmayan hallarda belə fəaliyyət göstərdikləri obyektlərdə POS-terminalların quraşdırılmasını təmin etsinlər. Bu həm müştəri məmnuniyyəti ilə nəticələnəcək, həm də nağdsız dövriyyələr üzrə Vergi Məcəlləsinin 102.1.24, 106.9 və 218-1.2-ci maddələrinə uyğun olaraq onlara güzəşt əldə etmək imkanı qazandıracaq.
Fərqanə ALLAHVERDİQIZI