ABŞ-ın vergi orqanları kriptovalyuta əməliyyatlarına nəzarətin qanuniləşdirilməsini istəyir

2021.06.17 14:13 (UTC+04:00)

ABŞ-ın vergi administrasiyası (IRS) konqresdən kriptovalyuta əməliyyatlarını izləyə bilmək üçün daha böyük səlahiyyətlər almaq istəyir. Qurumun komissarı Çarlz Rettinq senatdakı çıxışında bildirib ki, həm kriptovalyuta sahibləri, həm də bazarın iştirakaçıları (birjalar, kripto “pul kisələri” kimi) məcburi hesabat verməlidirlər. Komissar həmçinin bu cür məlumatları əldə edə bilmək üçün vergi orqanlarının qanuni səlahiyyətlərə ehtiyacı olduğunu bildirib. IRS-nin təklifinə əsasən, 2023-cü ildən Amerikanın vergi ödəyicilərindən 10 min dollardan artıq ktiptovalyuta əməliyyatları barədə məlumatın təqdim olunması tələb edilməlidir.

Ç.Rettinqin sözlərinə görə, kriptovalyuta bazarının kapitallaşdırılması 2 trilyon dollardan artıqdır və “kriptovalyutaların əksəriyyəti mahiyyətinə görə görünməz olmaq üçün layihələşdirilib”.

Qeyd edək ki, keçən ilin dekabr ayında Amerikanın Maliyyə Cinayətlərinə qarşı Mübarizə Agentliyi banklara və şirkətlərə 3 min dollardan artıq əməliyyatlar üçün kriptovalyuta kisəsi barədə sorğu vermək, 10 min dollardan artıq əməliyyatlar üçünsə bu məlumatları agentliyə təqdim etmək öhdəliyi barədə təklif irəli sürmüşdü.