Bir qrup daxilində fəaliyyət göstərmək kiçik və orta sahibkarlara rəqabət üstünlüyü verir

2021.06.17 13:11 (UTC+04:00)

Bir qrup daxilində oxşar sahədə fəaliyyət göstərən sahibkarlar həm rəqabət aparır, həm də eyni qrupda birlikdə hərəkət edirlər. Belə bir sistem daxilində fəaliyyət göstərmək kiçik və orta sahibkarlara rəqabət üstünlüyü verir. Nəticədə bu sistemin tətbiqi müəssisələrin xərclərini azaldır, marketinq imkanlarını genişləndirir, məhsuldarlığı və ixracatı artırır, tədqiqat və inkişaf imkanlarını gücləndirir. Bu, yeni məhsulların buraxılmasına, yeni şirkətlərin yaranmasına, məşğulluğun artmasına, regional inkişafa və infrastruktur xidmətlərinin yaxşılaşdırılmasına gətirib çıxarır.

Klasterlərin formalaşması ölkədə sənaye sektorunda yeni iş yerlərinin yaradılması, qeyri-neft sektorunda sənaye istehsalının genişləndirilməsi, sənaye ilə əlaqəli xidmətlərin inkişafı, kiçik və orta müəssisələrin fəaliyyətinin dəstəklənməsi, sənaye infrastrukturunun yaxşılaşdırılması və sosial-iqtisadi inkişaf baxımından vacibdir .

Regionların daxili potensialı və təcrübəsi nəzərə alınmaqla, hər bir bölgə üçün xüsusi qruplar yaratmaq, daxili və xarici bazarlarda yeni məhsul və xidmətləri ən yaxşı şəkildə təqdim etmək və bununla da istehsal və ixracın artırılması KOB-ların inkişafı üçün mühüm addımlardır.

KOB klaster şirkətinin yaradılması üçün ən azı 10 müstəqil mikro, kiçik və orta müəssisə ilə iqtisadi müqavilələr bağlanmalı və klasterin xammal və material dəyərinin 50 faizi yerli şirkətlərdən satın alınmalıdır.

Bir KOB klaster şirkəti tərəfindən həyata keçiriləcək bir layihə üçün minimum investisiya məbləği necə və hansı miqdarda müəyyən edilir?

Bu məbləğ Bakı şəhəri üçün 5 milyon manat, Bakıətrafı yaşayış məntəqələri üçünsə 3 milyon manatdır. Sumqayıt və Gəncə şəhərlərində bu məbləğ nisbətən azdır: 2,5 milyon manatdır. Digər rayon və şəhərlərdə isə minimal məbləğ 1,5 milyon manat, xüsusi olaraq qeyd edilən bəzi bölgələrdə isə 0,5 milyon manat təşkil edir.

Şirkətin klaster hesab edilməsi üçün…

Həmin şirkətin müəyyən edilmiş meyarlardan keçməsi əsasdır. İlk öncə KOB klaster şirkətinin illik dövriyyəsi Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi tərəfindən qəbul edilmiş maliyyə və iqtisadi sənədlərində nəzərdə tutulmuş investisiya məbləğinin 20 faizindən az olmamalıdır. Digər tərəfdən qanunda nəzərdə tutulmuş əməliyyatların tam sənədləşdirilməsi, yəni elektron hesab-faktura, elektron vergi hesab-fakturası, yük gömrük sənədləri, ciddi hesabat və digər sənədlər qanun çərçivəsində müəyyən edilmiş normalara uyğun olmalıdır. Bununla yanaşı, əməliyyatlarda nağdsız ödənişlərə üstünlük vermək, vergidən yayınmamaq əsas şərtlərdəndir.

Nəzərdə tutulan vergi güzəştləri

Vergi qanunvericiliyində KOB klaster şirkətləri və KOB klasteri iştirakçıları üçün vergi güzəştləri nəzərdə tutulub. Bir KOB klaster şirkəti KOB klaster şirkətlərinin reyestrinə daxil edildiyi tarixdən etibarən 7 il müddətinə aşağıdakı vergilərdən azaddır:

• gəlir vergisi;
• torpaq vergisi;
• əmlak vergisi;
• Azərbaycan Respublikası Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin sertifikatı əsasında istehsal və ya emal üçün maşın, texnoloji avadanlıq və qurğuların ƏDV idxalı.

KOB klaster şirkəti ilə müqavilə əsasında təqdim olunan mallar (iş, xidmətlər) üzrə KOB klasterində iştirak edən fərdi sahibkarın (hüquqi şəxs) əldə etdiyi gəlirin (mənfəətin) bir hissəsi 7 il müddətinə gəlir vergisindən azaddır.

Aytən NƏBİYEVA