Yanvar-mart aylarında əmtəə ixracı və idxalı açıqlanıb

2021.06.14 18:10 (UTC+04:00)

Bu ilin yanvar-mart aylarında əmtəə ixracı və idxalı açıqlanıb.

Azərbaycan Mərkəzi Bankından bildirilib ki, hesabat dövründə əmtəə ixracı 3,8 milyard dollar (13.9 faiz azalma) təşkil edib. Dövr ərzində əsasən dünya neft bazarlarında xam neftin ucuzlaşması səbəbindən neft-qaz sektoru üzrə ixracın həcmi 16,5 faiz azalaraq 3,4 milyard dollar olub. İxrac olunmuş neft məhsullarının (2,7 milyard dollar) 2,6 milyard dolları xam neftin, 125,4 milyon dolları isə neft emalı məhsullarının payına düşür. 2021-ci ilin I rübü üzrə qeyri-neft ixracı 11,2 faiz artaraq 457,3 milyon dollar olub.

Birinci rüb üzrə əmtəə idxalı 11,5 faiz azalaraq 2,3 milyard dollar təşkil edib, o cümlədən istehlak mallarının idxalının ümumi dəyəri isə 1,1 milyard dolları olub ki, bunun da 401,7 milyard dolları ərzaq məhsullarının payına düşür. Qeyri-neft sektoru üzrə idxal 11,7 faiz azalaraq 1,9 milyard dollar olub. Qeyri-neft idxalının strukturunda gəmilər, qayıqlar və üzən konstruksiyaların (23,3 dəfə), şəkərin (3 dəfə), dəmiryol nəqliyyat vasitələrinin (1,8 dəfə), gübrələrin (1,7 dəfə), əczaçılıq məhsullarının (48,3 faiz), dənli bitkilərin (24,6 faiz), tütün və tütün məhsullarının (20,7 faiz) və tərəvəz 0məhsullarının (15,1 faiz) idxalı artıb, uçuş aparatlarının (6,9 dəfə), metalların (50,3 faiz), ağac məmulatlarının (13,3 faiz), kağız məmulatlarının (8,5 faiz), mebel məhsullarının (6, 1 faiz), minik avtomobillərinin (5,5 faiz) idxalı isə azalıb. İdxalın strukturunda xarici investisiyalar hesabına gətirilmiş maşın-avadanlıqların və malların xüsusi çəkisi 8,6 faiz təşkil edərək 0,2 milyard dollar olub.