ABŞ-da beşinci Transxəzər forumu keçirilib. Forumda Xəzər regionu ölkələri ilə ABŞ-ın ticarət, infrastruktur inkişafı və enerji tərəfdaşlığı sahələrində münasibətləri müzakirə edilib.
Xəzər Siyasi Mərkəzi tərəfindən təşkil edilmiş forumda ABŞ-dan və Xəzəryanı ölkələrdən olan məruzəçilər qlobal COVID-19 pandemiyası dövründə Xəzər regionunda baş vermiş möhtəşəm dəyişiklikləri, habelə dünyanın bu hissəsində ABŞ-ın əməkdaşlığı üçün yaranmış yeni imkanları müzakirə ediblər.
Builki forum ABŞ Ticarət Nazirliyinin və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin dəstəyi ilə Əfqanıstan, Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkiyə və Özbəkistanın ABŞ-dakı səfirlikləri tərəfindən birgə təşkil edilib. Forumun işində ABŞ Dövlət Departamentinin və Milli Təhlükəsizlik Şurasının nümayəndələri də iştirak ediblər.
Xəzər Siyasi Mərkəzinin icraçı direktoru Əfqan Nifti tədbiri açıq elan edərək vurğulayıb ki, Xəzər regionu iki qitənin ölkələri arasında qarşılıqlı faydalı münasibətlər yaradılmasında həyati əhəmiyyətli rol oynayır. O qeyd edib ki, bu region Avropa ilə Asiya arasında körpü, habelə ticarət, infrastruktur və energetika mərkəzidir. Ə.Nifti bəyan edib ki, otuz il bundan əvvəl Xəzər regionu ölkələri müstəqillik əldə edəndən sonra onlar ABŞ-ın mühüm strateji tərəfdaşlarına çevriliblər. Son 30 ildə bu ölkələr qlobal enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, ekstremizmə qarşı mübarizə, narkotiklər və nüvə materialları axınına nəzarət məsələləri üzərində Vaşinqtonla fəal iş aparıblar.
Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov, Əfqanıstanın ABŞ-dakı səfiri Röya Rəhmani, Gürcüstanın ABŞ-dakı səfiri David Bakradze, Qazaxıstanın ABŞ-dakı səfiri Yerjan Aşikbayev, Qırğızıstanın ABŞ-dakı səfiri Baktıbek Amanbayev, Özbəkistanın ABŞ-dakı səfiri Cavlon Vahabov və Türkiyənin ABŞ-dakı səfirlik missiyasının rəhbərinin müavini Sinan Ertay forumda məruzələrlə çıxış ediblər. Onlar 2021-2022-ci illərdə öz ölkələrinin bərpa və iqtisadi inkişafın genişləndirilməsi strategiyalarını, həmçinin beynəlxalq investisiyalar, Avropa İttifaqı və ABŞ ilə sıx əməkdaşlıq vasitəsilə bu prosesin dəstəklənməsinin mümkün yollarını təqdim ediblər.
Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov qeyd edib ki, Azərbaycan, Türkiyə və Gürcüstan arasında regional əməkdaşlıq Cənub Qaz dəhlizinin əsasını təşkil edib.
Səfir Röya Rəhmani bildirib ki, kollektiv təhlükəsizliyin möhkəmləndirilməsinə və regionun firavanlaşmasına şərait yaratmaq üçün region ölkələri bir-birinin dəstəyinə güvənməli və bir-birindən öyrənməlidirlər. O qeyd edib ki, infrastruktur inversiyaları Əfqanıstanda yeni iş yerləri yaradacaq və sabitləşdirici effekti təmin edəcək, bu da öz növbəsində hələ də davam edən münaqişənin nəticələrini yumşaltmağa kömək edəcək.
Səfir David Bakradze bildirib ki, Gürcüstan uzun illər boyu öz qonşuları ilə əməkdaşlığı regionda sabitliyin və təhlükəsizliyin təmin edilməsi üçün yeganə mümkün üsul hesab edib.
ABŞ Dövlət Katibinin ticarət siyasəti və danışıqlar üzrə köməkçisinin müavini Mett Mürrey, Milli Təhlükəsizlik Şurasının Rusiya və Mərkəzi Asiya üzrə baş direktoru vəzifəsini icra edən Erik Qrin, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Avropa və Avrasiya ölkələrinin məsələləri üzrə büro rəhbərinin müavini Marqo Ellis dəyirmi masada region ölkələrinin iqtisadi suverenliyinin təmin edilməsi üçün xarici siyasətin inkişafında Birləşmiş Ştatların roluna, beynəlxalq terrorizmə qarşı mübarizə, özəl sektora investisiyanın və bu sektorun inkişafının dəstəklənməsi məsələlərinə həsr edilmiş məruzələrlə çıxış ediblər.
E.Qrin öz çıxışında qeyd edib ki, Birləşmiş Ştatlar Xəzər regionundakı bütün ölkələrin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir və bu, ABŞ-ın siyasətinin əsasıdır. M.Ellis bildirib ki, Xəzərə regionu ölkələrinin öz enerji resurslarını inkişaf etdirmək səyləri daha böyük məqsədin – Avropa və Asiya bazarları arasında ticarət mərkəzinə çevrilməyin rəmzidir.
Dəyirmi masada Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müşaviri Emil Məcidov, Gürcüstan xarici işlər nazirinin birinci müavini Lasa Darsaliya, Qazaxıstan Respublikası Strateji Planlaşdırma və İslahatlar Agentliyinin sədr müavini Jaslan Madiyev, Türkiyə Respublikası xarici işlər nazirinin müavini Yavuz Səlim Kıran, Tacikistan Respublikanın iqtisadi inkişaf və ticarət nazirinin müavini Abdurahmon Səfərəli Abdurahmonzoda dəyirmi masada çıxış edərək Xəzər regionunda regionlararası və beynəlxalq strateji tərəfdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar.
E.Məcidov deyib: “Hesab edirik ki, yeni şərait ölkələr arasında əlaqələrin inkişafı üçün çox böyük imkanlar yaradır. Bu əlaqələr Azərbaycan üçün əhəmiyyətli olmaqla bərabər, Cənubi Qafqaz regionunun hüdudlarından kənara çıxır, Türkiyə və Mərkəzi Asiya üçün əlavə imkanlar yaradır”.
Y.Kıran deyib: “Xəzər regionu pandemiyadan sonra iqtisadiyyatın bərpası dövründə regional əməkdaşlığın parlaq nümunəsi olacaq. Bununla əlaqədar, Türkiyə Xəzər regionunda çoxdankı problemlərdən birinin həlli barədə Azərbaycan və Türkmənistan arasında əldə edilmiş razılaşmanı alqışlayır.
Xəzər regionunda infrastrukturun inkişafına həsr edilmiş sessiyada ABŞ Ticarət Nazirliyinin Rusiya, Ukrayna və Avrasiya üzrə nümayəndəliyinin direktoru Mett Edvards moderatorluq edirdi. Bu sessiyada ölkəmizi Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəqliyyat siyasəti şöbəsinin rəisi Arif Məmmədov, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin sədr müavini Fərhad Quliyev təmsil edirdi. Sessiyanın gedişində spikerlər çoxsaylı nəqliyyat dəhlizləri yaradılması hesabına Xəzər regionunun potensialının reallaşdırılması üçün infrastruktur layihələrinin həyata keçirilməsinin üstünlüklərini qeyd ediblər. Diskussiya iştirakçıları əsas infrastruktur layihələrinin, o cümlədən Bakı-Tbilisi-Qars dəmiryolu, “Lyapis-Lazuri” beynəlxalq nəqliyyat dəhlizinin və Aktaudakı yeni terminalın əhəmiyyətindən bəhs ediblər.
Forumun ikinci günündə ABŞ Dövlət Departamentinin Enerji Resursları Bürosunun katibinin köməkçisinin birinci müavini vəzifəsini icra edən Kurt Donnelli əsas məruzə ilə çıxış edib. O, auditoriyanın diqqətini Xəzər regionunda bərpaolunan enerji mənbələrinin potensialından və karbohidrogen ehtiyatlarında istifadə məsələlərinə cəlb edib.
Sessiyalarda Azərbaycan Respublikası energetika nazirinin müavini Elnur Sultanov, Qazaxıstan Respublikası ekologiya, geologiya və təbii ehtiyatlar nazirinin müavini Aliyə Şalabekova, Türkiyə Respublikası energetika və təbii ehtiyatlar naziri Öztürk Selvitop, SOKAR-ın investisiyalar və marketinq üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyov, Gürcüstan Energetikanın İnkişafı Fondunun baş direktoru Georqi Çikovani, BP şirkətinin beynəlxalq münasibətlər şöbəsinin rəhbəri Robert Şer, “Equinor” şirkətinin Azərbaycandakı və Qazaxıstandakı nümayəndəliyinin rəhbəri Favad Kuraişi, Özbəkistan Strateji İnkişaf Mərkəzinin icraçı direktoru Eldor Tulyakov çıxış ediblər. Onlar Cənub Qaz dəhlizi kimi kommersiya baxımından uğurlu enerji layihələrinin regionunun iqtisadiyyatında və geosiyasətində rolunu, habelə Xəzərin enerji portfelinin karbohidrogen xammalı hüdudlarından kənara şaxələndirilməsi üzrə gələcək planları müzakirə ediblər.
E.Soltanov deyib: “Biz Xəzəri bərpaolunan enerji mənbəyi kimi özümüz üçün yenidən kəşf edirik. Bizim ilkin hesablamalar göstərir ki, Xəzər dəniz külək energetikası üçün çox böyük potensiala malikdir”.
V.Bəylərbəyov deyib: “Biz Azərbaycanda bu işə cəlb edilmiş bütün ölkələr arasında regional əməkdaşlığın zəruri olmasına inanırıq. Biz birlikdə həm regional problemlərin, həm də region hüdudlarından kənarda mövcud olan problemlərin həlli üzərində uyğurla işləyə bilərik”.
Forumda sonuncu - kiçik biznesin inkişafının təşviqi mexanizminə həsr edilmiş paneldə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin inkişaf, demokratiya və innovasiyalar bürosu rəhbərinin köməkçisinin müavini Harri Bader çıxış edib. H.Bader vurğulayıb: “Biz kapitalizmə, ifadə azadlığına və demokratiyaya şərait yaradan qlobal rəqəmsal ekosistemin əlçatan olmasının tərəfdarıyıq. Biz hesab edirik ki, qlobal rəqəmsal ekosistem investisiyaları stimullaşdırmaq, xüsusi kapitalı qorumaq və hər bir ölkədə hər bir vətəndaşın dünya baxışını genişləndirmək imkanına malikdir”.
Xəzər Siyasi Mərkəzinin böyük elmi işçisi, ABŞ-ın Tacikistandakı keçmiş səfiri Süzan Elliotun moderatorluq etdiyi sessiya COVID pandemiyasından sonra region iqtisadiyyatının bərpa edilməsi üçün həyati əhəmiyyətli üsulları kimi investisiyalar və sahibkarlıq barədə diskussiya iştirakçıları arasında səmərəli dialoqa şərait yaratdı. Bu sessiyanın işində Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) idarə heyətinin Orxan Məmmədov, Gürcüstan İnnovasiyalar və Texnologiyalar Agentliyinin rəhbəri Avtandil Kasradze, Qazaxıstan Respublikası Prezidenti yanında Qadın problemləri və ailə-demoqrafiya siyasəti üzrə milli komissiyanın sədri Ləzzət Ramazanova, USAID-in Tacikistandakı nümayəndəliyinin gender məsələləri üzrə müşaviri Malikə Curakulova, Özbəkistan Respublikası İqtisadi İnkişaf və Yoxsulluğun Azaldılması Nazirliyi yanında Proqnozlaşdırma və Makroiqtisadi Tədqiqatlar İnstitutunun direktoru Ümid Abidxacayev iştirak ediblər.
Orxan Məmmədov deyib: “Bizim agentlik kiçik və orta biznes üçün əlverişli mühit yaratmaq məqsədilə müxtəlif dəstək mexanizmləri tətbiq edib. Bizim dəstəyimizin yerli kiçik orta müəssisələrin, o cümlədən kənd yerlərində müəyyən qrupların, məsələn gənclərin və qadınların tələbatına uyğun olduğunu yəqin etmək üçün cari mühiti təhlil edirik”.
Forum iki iş günü ərzində birbaşa efirdə translyasiya edilib.