Vüsal Qasımlı: Azərbaycanda iqtisadi artım bərpa olunub

2021.06.12 12:28 (UTC+04:00)

Əvvəlcədən də proqnozlaşdırıldığı kimi, ilin ilk 5 ayının göstəricilərinə əsasən, Azərbaycanda iqtisadi artım cüzi də olsa bərpa olunub.

Bu sözləri İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı deyib.

O bildirib: “Belə ki, bu ilin yanvar-may aylarında ÜDM 0,8 faiz artıb. COVID-19 pandemiyasının təsiri ilə Azərbaycan iqtisadiyyatında geriləmə 2020-ci ilin mayından başlamışdı və düz bir ildən sonra artım yenidən bərpa olundu. Karbohidrogen sektorunda geriləməyə rəğmən, qeyri-neft sektoru ilk 5 ayda 4,5 faiz artıb”.

V.Qasımlının sözlərinə görə, artımda əsas rol alan qeyri-neft-qaz sənayesi bu ilin yanvar-may aylarında 16,2 faiz böyüyüb: “Artıq neçə ildir ki, qeyri-neft sənayesi ümumi iqtisadi artımda ən yüksək paya sahib olmaqla drayverə çevrilib.

Qeyri-neft sənayesinin ÜDM-də xüsusi çəkisi son beş ildə 14,4 faizdən 17,9 faizə yüksəlib. Qarabağda emal və dağ-mədən sənayesinin inkişafı ölkədə ümumi sənayeləşməni sürətləndirəcək. Bu ilin ilk 5 ayında kənd təsərrüfatı sahəsində - bitkiçilikdə və heyvandarlıqda da artım olub. Bundan başqa informasiya, rabitə xidmətləri və pərakəndə ticarət artıb. Bir sıra xidmət sahələri, o cümlədən ictimai iaşə, nəqliyyat və tikintidə hələlik iqtisadi artımı bərpa etmək mümkün olmayıb. Ən əsası odur ki, ilin ilk dörd ayında qeyri-neft ixracı 27 faiz artıb”.

O bildirib ki, bu il Azərbaycanda Dünya Bankının proqnozlarına əsasən 1,9 faiz, gələn il isə 4,5 faiz iqtisadi artım olacaq. Beynəlxalq Valyuta Fondu isə Azərbaycanda bu il 2,3 faiz, gələn il 1,7 faiz iqtisadi artım proqnozlaşdırır.

İİTKM-nin icraçı direktorunun fikrincə, qeyri-neft sektoru həm azalan karbohidrogen gəlirlərini kompensasiya etməli, həm də ümumi iqtisadi artımı təmin etməlidir.