Pandemiya səbəbindən karantin rejiminin tətbiqinə başlanıldıqdan sonra ilk dəfə olaraq Azərbaycanda iqtisadi artım qeydə alınıb.
Dövlət Statistika Komitəsinin məlumatında bu ilin ilk 5 ayında 31 milyard 532 milyon manatlıq ümumi daxili məhsul istehsal olunduğu açıqlanıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz çoxdur.
Millət vəkili Vüqar Bayramov sosial şəbəkədə yaydığı açıqlmada bildirib ki, pandemiyanın təsirindən ötən il Azərbaycanda ÜDM istehsalı 4,3 faiz azalıb. “Bu ilin ilk ayında isə iqtisadiyyatımız 2,5 faiz, ilk 2 ayında 3,2 faiz, birinci rübdə 1,3 faiz və nəhayət yanvar-aprel aylarında 0,2 faiz azalıb. Ötən ildən başlanan azalma tempi may ayının yekunlarında artım ilə əvəz olunub. Bu ilin ilk 5 ayında iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 6,7 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 4,5 faiz artıb”.
İyunun 10-dan iqtisadiyyatda yeni açılımların tətbiq olunduğunu deyən V.Bayramov bildirib ki, xüsusən turizm və ticarət sektorlarında iqtisadi aktivliyin yüksələcəyi gözlənilir: “Turizm neftdən sonra ölkəmizə ən çox valyuta gətirən sektordur. 2019-cu ildə Azərbaycanın gəlmə turizm gəlirləri 2,7 milyard dollardan çox olub. Pandemiyadan öncə turizm və əlaqəli sahələrdə 100 minə yaxın vətəndaşımız çalışırdı. Buna görə də turizm sektorundakı açılımlar məşğulluğun təmin edilməsi baxımdan da vacib hesab olunur. Bu baxımdan, vaksinasiya prosesini sürətləndirən və virus sayını lokallaşdıra bilən ölkələr ilə mərhələli şəkildə hava və quru əlaqələrinin bərpa edilməsi məqsədəuyğundur və bu, real sektordakı canlanmaya xüsusi təkan verə bilər”.