Gələn il qlobal neft tələbatı pandemiyadan əvvəlki səviyyəyə qayıdacaq.
B8u barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarına dair aylıq hesabatında deyilir.
IEA-ya görə, 2022-ci ilin sonunda qlobal neft tələbatı yeni növ koronavirus epidemiyasından əvvəlki səviyyəyə qayıdacaq və bu illə müqayisədə gündəlik 3,1 milyon barel artacaq. Qlobal neft tələbatının 2022-ci ilin sonunda gündəlik 100,6 milyon barelə çatacağı gözlənilir.
Gələn il üçün proqnozlaşdırılan artımın 1,3 milyon bareli İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələrində, 1,8 milyon bareli isə OECD-yə üzv olmayan ölkələrdə formalaşacaq. Sözügedən dövrdə aviareyslərin bərpası ilə ən böyük tələbat artımı sutkalıq 1,5 milyon barellə təyyarə yanacağı və kerosində, gündəlik 660 min barellə benzin və 520 min barellə isə dizel yanacağında baş verəcək.
Dünyanın 3-cü ən böyük neft istehlakçısı olan Hindistanda COVID-19-a yoluxma sayındakı azalma və OECD ölkələrində istehlakçıların avtonəqliyyat və aviareysləri artırması fonunda cari ildə qlobal neft tələbi daha sabitdir. Bu çərçivədə iyun ayında neft tələbatının əvvəlki aya görə gündəlik 2,5 milyon barel və ötən ilin eyni ayına nisbətən isə sutkada 7,4 milyon barel artacağı gözlənilir.