Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) “Azərbaycanda KOB-ların rəqəmsallaşmasının təşviqi” layihəsinin icrası məqsədilə yaradılmış İşçi Qrupunun ilk görüşü keçirilib.
KOBİA-dan bildirilib ki, onlayn formatda təşkil olunmuş görüşdə Azərbaycanda KOB-ların rəqəmsallaşması ilə bağlı siyasətin hazırlanması və həyata keçirilməsi prosesinə cəlb olunmuş dövlət qurumlarının və təşkilatların, Avropa İttifaqının Azərbaycan ofisinin, OECD-nin nümayəndələri, beynəlxalq ekspertlər və mütəxəssislər iştirak ediblər.
Vebinarda KOBİA ilə yanaşı, İqtisadiyyat, Kənd Təsərrüfatı, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin, Azərbaycan Mərkəzi Bankı, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Dövlət Statistika Komitəsi və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələri KOB-ların rəqəmsallaşması istiqamətində müvafiq qurumların strateji fəaliyyət gündəliyi, həyata keçirilən tədbirlər və bu sahədə çağırışlar barədə məlumat veriblər. Tədbirdə, həmçinin beynəlxalq ekspertlər tərəfindən KOB-ların rəqəmsal transformasiyanın dəstəklənməsi istiqamətində mütərəqqi təcrübələr və bu sahədə tətbiq edilən yanaşmalar barədə təqdimatlar olub. Onlayn tədbir müzakirələr və sual-cavab sessiyası ilə başa çatıb.
“Azərbaycanda KOB-ların rəqəmsallaşmasının təşviqi” layihəsi İqtisadiyyat Nazirliyi və KOBİA tərəfindən Avropa İttifaqının maliyyə dəstəyi ilə OECD tərəfindən “EU4Businsess” təşəbbüsü çərçivəsində həyata keçirilir.
Layihənin məqsədi KOB-ların rəqabət qabiliyyətinin yüksəldilməsinə dəstək olmaq üçün Azərbaycanda KOB-ların rəqəmsal transformasiyasını təşviq etməkdir. Layihənin yekununda OECD ölkələrinin təcrübəsi nəzərə alınmaqla Azərbaycan üzrə görüləcək tədbirlərə dair tövsiyələr hazırlanacaq.