Azərbaycan bazarında xarici valyutaya tələb azalıb

2021.06.10 18:09 (UTC+04:00)

Mərkəzi Bankdan verilən məlumata görə, 2021-ci ilin fevral ayından başlayaraq valyuta hərraclarında, eləcə də valyuta bazarının nağd və qeyri-nağd seqmentlərində tələb əhəmiyyətli şəkildə azalmaqdadır. Bu ilin ikinci rübündə keçirilmiş 19 valyuta hərracının 18-də tələb təklifdən aşağı olub.

Yaranmış meyillər dünyada COVID-19 virusuna qarşı uğurla həyata keçirilən vaksinasiya proqramları fonunda karantin məhdudiyyətlərinin yumşaldılması nəticəsində qlobal iqtisadi canlanma prosesinin sürətlənməsi, qlobal enerji bazarlarında neftin qiymətinin bərpası, ölkədə qeyri-neft ixracının artımı, gözləntilərin əhəmiyyətli yaxşılaşması və həyata keçirilən kontrtsiklik makroiqtisadi siyasətdən təsirlənir. Hazırda hərraclarda Dövlət Neft Fondunun qrafikə uyğun satıla bilməyən vəsaiti 364 milyon ABŞ dolları təşkil edir.

İlkin qiymətləndirmələrə görə, 2021-ci ilin I rübündə ölkənin cari əməliyyatlar balansında ÜDM-in 5.6 faizi həcmində profisit olub. Qeyd olunan daxili və xarici amillərin mövcudluğu manatın məzənnəsinin sabitliyinin fundamental amillərlə bağlı olduğunu göstərir və valyuta bazarında tarazlığın qarşıdakı dövrdə də təmin olunacağını şərtləndirir.